Vernidub “Neftçi”nin qələbəsini şərh etdi: “Hər şeyi əvvəlcədən planlaşdırmışdıq”

6 Noyabr 2026 23:24
44
Vernidub “Neftçi”nin qələbəsini şərh etdi: “Hər şeyi əvvəlcədən planlaşdırmışdıq”

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz” üzərində qazanılan 1:0 hesablı qələbədən sonra futbolçularının çıxışını və komandadakı vəziyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonrakı mətbuat konfransına Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etməklə başlayıb.

“Hər kəsi Zəfər Günü münasibətilə təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun, insanlar gözəl, istədikləri kimi və xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun, qalib gəlsin. İnsanlar sülh içində yaşasınlar, istədikləri həyatı görsünlər. Bu günü görməyi çox istəyirəm. Ümidvaram ki, bu olanda həyatda olacağam”.

Vernidub ardıcıl ikinci oyunda əvəzetmədən meydana çıxan futbolçunun qələbə qolunu vurmasına da münasibət bildirib. Baş məşqçi bunun təsadüfi olmadığını və əvəzetmələrin əvvəlcədən planlaşdırıldığını qeyd edib:

“Çox sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər. Bu, o deməkdir ki, ehtiyat skamyamız yaxşı vəziyyətdədir. Oyundan öncə də Şkribekə bildirdim ki, əsas heyətdə oynamayacaq, sonradan meydana daxil olacaq. Dincəlmək üçün vaxt verdik. Hər oyundan əvvəl qərar veririk ki, kimi kiminlə əvəzləyəcəyik və oyunumuzu gücləndirəcəyik. Ona görə biz həmişə bilirik ki, kim meydana çıxacaq. Bu, məni çox qane edir və sevindirir”.

Ukraynalı çalışdırıcı növbəti turda “Araz-Naxçıvan”la Şamaxıda, süni örtüklü meydançada keçiriləcək qarşılaşmaya da toxunub. O, meydançanın vəziyyətinin komanda üçün problem yaratmamalı olduğunu düşünür:

“Hamı orada oynayır, tək “Neftçi” deyil ki. Qorxulu bir şey yoxdur. Orada oynamalıyıq. Çünki ən yuxarı pillələrdə olmaq istəyirik. Buna görə çıxıb oynamalıyıq. Səhv etmirəmsə, Premyer Liqada cəmi iki belə meydança var. Biri Şamaxıda, biri də Yevlaxda. Çox istəyərdim ki, bundan sonra bütün komandalar yaxşı stadionlarda oynasınlar”.

Vernidub milli komandalara dəvət alan futbolçularının sayından razı qaldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, “Neftçi”nin üç legioneri xarici ölkələrin, dörd futbolçusu isə Azərbaycan millisində çıxış edir:

“Birinci deyim ki, millidə oynamaq böyük fəxrdir. Bu, xüsusilə də milli komandalarda oynayanların səviyyəsi haqda çox şey deyir. İndi bizdə xarici millilərdə üç, Azərbaycan millisində dörd oyunçu oynayır. Onlara görə çox sevinirəm. Sadəcə, istərdim ki, zədə almadan geri qayıtsınlar. Əllərindən gələni etsinlər ki, öz milliləri qalib gəlsin. Azərbaycan millisinin qrupu birinci pillədə başa vurmasını çox istəyirəm. Eləcə də legionerlərimizin”.

Baş məşqçi “Neftçi”nin kapitanı Emin Mahmudovun Azərbaycan millisində karyerasını başa vurmaq qərarına ayrıca münasibət bildirib. Vernidub bu qərarın çətin olduğunu, lakin futbolçunun seçiminə hörmətlə yanaşdığını qeyd edib:

“Emin Azərbaycanda ən yüksəkdə duran futbolçulardan biridir. O, uzun müddətdir millidə oynayır. Hər zaman da istəyir ki, ən yaxşı nəticələrə nail olsun. Eyni zamanda, “Neftçi”nin açar oyunçularından biridir. “Neftçi” üçün kifayət qədər çox oyun oynayıb. Bilirəm, qərar verib. Ağır qərardır. Amma həyatda belə şeylər olur. Ona görə də onun daha çox vaxtı olacaq ki, öz klubuna vaxt ayırsın. Biz illər keçdikcə gəncləşmirik, yaşlanırıq (gülür). Yaş da bəzən öz sözünü deyir”.

Vernidub Mahmudovun komandada daha uzun müddət qalmasını istədiyini və onun kapitan kimi rolunu yüksək qiymətləndirdiyini bildirib.

“Çox istəyərdim ki, “Neftçi”də daha çox oynamağa davam etsin və fayda versin. O, buna layiqdir, həm peşəkar, həm də insan kimi. Emin mənə çox kömək edir. Oyunçularla söhbət zamanı, ailədaxili məsələlərin həllində də. Əsl kapitan kimi öz rolunu icra edir. Həm mən onunla tam açığam, həm də o mənimlə”.

Mahmudovun mövsümün sonunda futbolçu karyerasını da başa vurmaq ehtimalına gəlincə, baş məşqçi onun gələcəkdə “Neftçi”də başqa vəzifədə çalışa biləcəyini istisna etməyib.

““Neftçi”yə ömrünü verib, 10 ildir ki, buradadır. Onunla danışmışam. Elə şey olsa da, qalıb menecer kimi də klubda işləyə bilər, məşqçi kimi də. Hazırlaşsa, çox gözəl məşqçi olar. Amma öz adını istənilən halda “Neftçi”nin tarixinə qızıl hərflərlə yazdırıb”.

Vernidub Emil Səfərovun milli komandaya dəvət almaması və klubdakı vəziyyəti barədə də danışıb. Mütəxəssis futbolçunun əvvəlki formasına qayıtması üçün daha çox çalışmalı olduğunu düşünür.

“Bu, bizim daxili mətbəximizdir. Hər şey yaxşı olacaq. Biz onunla danışırıq, söhbət edirik. Düşünürük ki, dincəlsin və üzərində daha çox işləsin ki, əvvəlki Səfərov olsun. “Neftçi” onunla boş yerə müqavilə imzalamayıb. Emil bizə lazım olan futbolçudur, komandamız üçün çox önəmlidir. O, bunu nə qədər tez anlasa, komanda və özü üçün yaxşı olacaq”.

İdman.Biz