Oliver Kan “Bavariya”nın Keynlə bağlı qərarını dəstəklədi

6 Noyabr 2026 22:36
28
Oliver Kan “Bavariya”nın Keynlə bağlı qərarını dəstəklədi

“Bavariya”nın sabiq rəhbəri Oliver Kan Harri Keynin Münhen klubu ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzatmasına münasibət bildirib.

İdman.Biz "Sky Sport"a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis “Qızıl top”un sahibi ilə yeni müqavilə imzalanmasını klub üçün olduqca vacib qərar adlandırıb:

“Təsəvvür etmək istəmirəm ki, “Qızıl top”un sahibi kimi Keyn “Bavariya” ilə müqaviləsini uzatmasaydı, bu məsələ ətrafında nə qədər müzakirə aparılardı. Kim bilir, bundan sonra nələr baş verərdi”.

Kan Münhen təmsilçisinin rəhbərliyinin mövqeyini dəstəkləyərək futbolçunun yaşının onun gələcək çıxışına mane olmayacağını vurğulayıb:

“Özünüzü klub rəhbərliyinin yerinə qoysanız, Keynin müqaviləsini uzatmağın niyə bu qədər vacib olduğunu başa düşərsiniz. İndiki futbolçular əvvəlki dövrlərlə müqayisədə daha uzun müddət yüksək səviyyədə çıxış edə bilirlər. O, “Bavariya” üçün çox vacib olacaq”.

Bununla belə, sabiq qapıçı Keynin Münhen klubu ilə Çempionlar Liqasını qazanıb-qazanmayacağı barədə qəti fikir bildirməyib:

“Bunun Çempionlar Liqasını qazanmaq üçün kifayət edib-etməyəcəyini heç vaxt əvvəlcədən bilmək olmaz”.

Qeyd edək ki, Harri Keyn “Bavariya” ilə müqaviləsini 2029-cu il iyunun 30-dək uzadıb.

İdman.Biz