“Liverpul”, “Vulverhempton” və “Everton”un sabiq futbolçusu Konor Koudi peşəkar karyerasını başa vurduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, İngiltərə millisinin keçmiş müdafiəçisi 33 yaşında futboldan ayrılmaq qərarına gəlib.
Koudi bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Arzularımı gerçəkləşdirdim. Həmişə minnətdar olacağam. Təşəkkür edirəm”.
Təcrübəli futbolçu avqustun 31-də “Reksem”lə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etdikdən sonra klubsuz qalmışdı.
“Liverpul”un yetirməsi olan Koudi əsas komandada iki oyun keçirib. Daha sonra “Şeffild Yunayted”, “Haddersfild”, “Vulverhempton”, “Everton”, “Lester”, “Reksem” və “Çarlton” klublarının formasını geyinib.
Sentyabrda keçmiş klubuna qayıdan müdafiəçi “Liverpul”un 21 yaşadək futbolçulardan ibarət komandası ilə məşqlərdə iştirak edib və baş məşqçi Rob Peycə kömək göstərib.
Həmin vaxt yeni klub tapmaq niyyətində olan Koudi iki ay sonra futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
