İspaniyanın “Real” futbol klubunda Raul Asensionun gələcəyi ilə bağlı vəziyyət klub rəhbərliyi üçün arzuolunmaz problemə çevrilib.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin ötən il müdafiəçi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalaması indi klub daxilində müzakirə olunur. Həmin vaxt əsas komandada sürətlə irəliləyən Asensionun uzunmüddətli anlaşma ilə mükafatlandırılması məntiqli addım təsiri bağışlasa da, hazırkı vəziyyət qərarın tələsik verildiyi barədə suallar yaradıb.
23 yaşlı futbolçu hazırda Joze Mourinyonun müdafiə xəttində əsas seçimləri sırasında deyil. İbrahima Konate, Antonio Rüdiger, Eder Militao və Din Huysen kimi futbolçuların rəqabətdə ondan öndə olması Asensionun oyun vaxtını xeyli məhdudlaşdırıb.
Problem təkcə meydandakı rəqabətlə bağlı deyil. Asensionun 2031-ci ilədək qüvvədə olan müqaviləsi və maliyyə şərtləri onun mümkün satışını da çətinləşdirir. “Real” yay transfer pəncərəsində futbolçu üçün uyğun variant tapmağa çalışsa da, konkret nəticə əldə edə bilməyib.
İspaniya mediasında hesab olunur ki, klub Asensionun əsas komandada ilk uğurlu dövründən sonra onunla yeni müqavilə məsələsində həddindən artıq tez hərəkət edib. İndi isə futbolçunun statusunun aşağı düşməsi fonunda həmin uzunmüddətli anlaşma “Real”ın manevr imkanlarını azaldır.
Asensio 2024-cü ilin noyabrında əsas komandada debüt etdikdən sonra qısa müddətdə diqqət çəkməyi bacarıb və 2025-ci ilin yayında müqaviləsini 2031-ci ilədək uzadıb.
