Salah yığmadan ayrılacaq

Xəbərlər
22 Yanvar 2024 11:41
688
Salah yığmadan ayrılacaq

Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu Afrika ölkəsinin futbol federasiyasının və Premyer Liqa təmsilçisinin mətbuat xidmətləri açıqlayıb.

Afrika Millətlər Kubokunun qrup mərhələsinin II turunda zədələnən hücumçu müalicə üçün İngiltərə klubunun düşərgəsinə qayıdacaq. Qana ilə görüşdə aldığı xəsarət üzündən meydanı tərk edən forvard III turun Kabo-Verde ilə matçından sonra yığmadan ayrılacaq.

Bu barədə qərar milli komanda və klubun tibb personalları arasında müzakirələrdən sonra verilib. Misir yığması qrupdan çıxsa, Salah 1/8 və 1/4 final matçlarını buraxacaq. Onun yarımfinala qədər hazır olacağı gözlənilir.

Qeyd edək ki, keçirdiyi hər iki oyunda heç-heçə edən Misir millisi öz qrupunda ikinci pillədə qərarlaşıb.

İdman.biz