Dünya futbolunun ali idarəetmə qurumu FIFA-da prezident Canni İnfantinonun gələcəyi ilə bağlı qərar verilib.
İdman.Biz xəbər verir ki, qurumun baş katibi Mattias Qrafström və İdarə Heyətinin üzvləri 56 yaşlı funksionerə tam dəstəklərini ifadə ediblər.
Qərar Mərakeşdə keçirilən böhran iclasından sonra açıqlanıb. Toplantı dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı sonradan ləğv edilən layihənin yaratdığı narazılıqlar fonunda təşkil olunub.
FIFA layihənin hazırlanması və üzv assosiasiyalarla məsləhətləşmələrin aparılması zamanı səhvlərə yol verildiyini etiraf edib. Infantino bununla bağlı FIFA Şurasına və 211 üzv assosiasiyaya yazılı şəkildə üzr məktubu göndərib.
Qurum idarəetmə və qərarvermə mexanizmlərini nəzərdən keçirəcəyini, gələcəkdə oxşar problemlərin təkrarlanmaması üçün əlavə tədbirlər görəcəyini açıqlayıb.
Bununla belə, UEFA və bəzi milli federasiyaların İnfantinoya münasibəti dəyişməyib. Bir sıra qurumlar onun FIFA prezidenti vəzifəsinə növbəti seçkilərdə namizədliyini dəstəkləməyəcəklərini bildirib.
Qeyd edək ki, FIFA prezident seçkisi 18 mart 2027-ci ildə Mərakeşdə keçiriləcək.
