Demçenko: “İqor Kostyuka məsləhət görürəm ki, “Qarabağ”ın “Nyukasl”a qarşı keçirdiyi oyunu izləsin”

6 Avqust 2026 13:19
128
Demçenko:  “İqor Kostyuka məsləhət görürəm ki, “Qarabağ”ın “Nyukasl”a qarşı keçirdiyi oyunu izləsin”

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Andrey Demçenko Konfrans Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacaq “Dinamo” və “Qarabağ”ın şanslarını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis “Sport-Express”ə açıqlamasında iki oyunun nəticəsinə əsasən Azərbaycan çempionunun mərhələ adlamaq şansını daha yüksək qiymətləndirib.

49 yaşlı mütəxəssis PAOK-la matçlardan sonra Kiyev təmsilçisi barədə fikrinin dəyişdiyini bildirib:

“PAOK-la oyunlardan əvvəl “Dinamo”nu kifayət qədər yaxşı komanda sayırdım. Amma həmin matçlardan sonra fikrim dəyişdi. “Qarabağ”ın gücünü bilirəm və hesab edirəm ki, iki oyunun yekununda qalib gəlmək şansı daha çox olan tərəf məhz onlardır. Üstəlik, komanda gözlənilmədən Avropa Liqasında Bolqarıstanın CSKA klubuna penaltilər seriyasında uduzaraq mübarizəni dayandırdı. Buna görə də daha əsəbi və motivasiyalı olacaq”.

Demçenko “Dinamo”nun baş məşqçisi İqor Kostyuka “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasında “Nyukasl”a qarşı keçirdiyi oyunu izləməyi məsləhət görüb:

“Bu, çox nümunəvi matçdır. Orada “Qarabağ”ın bütün zəif cəhətlərini görmək olar”.

Ukraynalı məşqçi Ağdam təmsilçisinin fərdi keyfiyyətləri yüksək olan çoxlu futbolçuya sahib olduğunu vurğulayıb:

“Komanda oyunu da əla qurulub. Qurban Qurbanovun futbolçuları həm topla, həm də topsuz nə etməli olduqlarını yaxşı bilirlər. Hücum xəttində fərdi bacarığı hesabına oyunun taleyini həll edə bilən texnikalı futbolçular çıxış edir. Əksər matçlarda bir nömrə ilə oynamağa və yüksək pressinq tətbiq etməyə çalışırlar. Dinamik və xarakterli komandadırlar”.

Demçenko ötən mövsüm “Qarabağ”ın “Sabah”la oyunda 0:3 hesabı ilə geri düşməsinə baxmayaraq, qarşılaşmanı 3:3 hesablı heç-heçə ilə başa vurmasını da xatırladıb:

“Əgər “Qarabağ” rəqibin zəif yerini tapsa, “Dinamo”nu çətin anlar gözləyəcək. Bununla yanaşı, Ağdam təmsilçisi özü kimi yüksək pressinq tətbiq edən komandalara qarşı oynamağı sevmir”.

Mütəxəssis Qurban Qurbanovun təcrübəsini “Qarabağ”ın əsas üstünlüklərindən biri hesab edir:

“Qurban Qurbanov Kostyukdan qat-qat təcrübəlidir. O, uzun illərdir klubdadır və mövqeyi çox möhkəmdir. Kostyukun istefaya göndərilə biləcəyi barədə yayılan söz-söhbətlər isə “Dinamo”nun xeyrinə deyil. Bununla belə, belə söhbətlər onu səfərbər etməlidir. Bu oyun Kostyuk üçün peşəkarlığını və təzyiq altında işləmək bacarığını göstərmək baxımından ciddi sınaq olacaq”.

Demçenko ilk qarşılaşmanın məhsuldar heç-heçə ilə nəticələnəcəyini düşünür. O, oyuna 1:1 və ya 2:2 hesablı nəticə proqnozu verib.

Qeyd edək ki, “Dinamo” ilə “Qarabağ” arasında ilk oyun bu gün Polşanın Lyublin şəhərində keçiriləcək. “Motor Lyublin Arena”dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı avqustun 13-də Bakıda baş tutacaq.

“Qarabağ” bundan əvvəl Avropa Liqasının ikinci təsnifat mərhələsində CSKA ilə hər iki oyunda qolsuz heç-heçə edib. Ağdam təmsilçisi cavab görüşündən sonra keçirilən penaltilər seriyasında 4:5 hesabı ilə uduzub.

İdman.Biz