Çilinin “Kolo-Kolo” futbol komandasına keçən 40 yaşlı qapıçı Vozinya təqdimat zamanı maraqlı sürprizlə qarşılaşıb.
İdman.Biz “El País”ə istinadən xəbər verir ki, Kabo-Verde millisinin üzvünə yeni komandasındakı forması paraşütlə eniş edən şəxs tərəfindən təqdim olunub.
Santyaqodakı “Monumental” stadionunda keçirilən tədbirə təxminən 30 min tərəfdar qatılıb. 40 yaşlı qapıçının üzərində adı və 29 nömrəsi yazılan forması stadiona paraşütlə endirilib. Formanı Vozinyaya paraşütçü Sebastyan “Ardilla” Alvares təqdim edib.
Tam adı Josimar Joze Evora Dias olan futbolçu “Kolo-Kolo” ilə altı aylıq müqavilə imzalayıb. Razılaşmada əməkdaşlığın daha bir il uzadılması imkanı da nəzərdə tutulub.
Vozinya DÇ-2026-da Kabo-Verde millisinin heyətində göstərdiyi oyunla diqqət çəkib. Komanda qrup mərhələsində İspaniya ilə 0:0, Uruqvayla 2:2, Səudiyyə Ərəbistanı ilə 0:0 hesablı heç-heçələr edib. Qapıçı turnirdə ümumilikdə 18 qurtarışla yadda qalıb.
Argentina ilə qarşılaşmada Vozinya səkkiz qurtarış etsə də, komandası əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb.
