“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç UEFA Çempionlar Liqasında “Barselona” ilə keçirəcəkləri qarşılaşmada qələbə qazanmaq arzusunu gizlətməyib.
İdman.Biz xəbər verir ki, polşalı futbolçu Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt” üzərində 5:1 hesablı qələbədən sonra klubun sosial şəbəkə hesabında yayımlanan videomüsahibədə “Barselona” ilə qarşıdakı oyunu səbirsizliklə gözlədiyini bildirib.
“Bu barədə düşünmək belə çətindir. Dostlarım və ailə üzvlərimlə danışanda “Barselona”ya qarşı oynayacağımız hələ də mənə qeyri-real görünür. Sanki yuxudur. Düzünü desəm, görüşü səbirsizliklə gözləyirəm. Çünki nəticədə bu da adi bir futbol oyunudur. Bilirəm, bəlkə də çılğın səslənəcək, amma mən “Barselona”ya qalib gəlmək istəyirəm. Niyə də yox?” - deyə Puxaç vurğulayıb.
Qeyd edək ki, “Sabah” noyabrın 20-də Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt”ı səfərdə 5:1 hesabı ilə məğlub edib. Puxaç həmin qarşılaşmada komandasının qollarından birini vurub.
“Sabah” noyabrın 25-də Çempionlar Liqasının əsas mərhələsində “Barselona”nı qəbul edəcək.
