Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Aleksey İsayev üçün “Sumqayıt”la qarşılaşma ikiqat sevinclə yadda qalıb.
İdman.Biz xəbər verir ki, yarımmüdafiəçinin övladı dünyaya gəlib. Bu barədə “Sabah” klubu sosial şəbəkə hesabında məlumat yayıb.
İsayev “Sumqayıt”la matçın 67-ci dəqiqəsində fərqləndikdən sonra əlini ağzına apararaq əmzik jesti edib. Futbolçunun bu hərəkəti yeni doğulan övladına işarə kimi diqqət çəkib. Komanda yoldaşları da onun sevincinə qoşulublar.
“Sabah” həmin anların fotolarını paylaşaraq futbolçunu və ailəsini təbrik edib, körpəyə sağlam və xoşbəxt ömür arzulayıb.
Qeyd edək ki, Bakı təmsilçisi “Sumqayıt”la səfər oyununda 5:1 hesablı qələbə qazanıb.
