Rui Jorje: “Azərbaycanlıların da yaxşı futbol oynadığını dünyaya göstərmək istəyirəm”

20 Noyabr 2026 21:24
41
Rui Jorje: “Azərbaycanlıların da yaxşı futbol oynadığını dünyaya göstərmək istəyirəm”

Azərbaycanın U-20 millisinin baş məşqçisi Rui Jorje İraq yığması üzərində 2:1 hesablı qələbədən sonra komandasının çıxışını və dünya çempionatına hazırlıq prosesini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ikinci yoldaşlıq görüşündən sonra təşkil olunan mətbuat konfransında hər iki komandanın əvvəlki qarşılaşma ilə müqayisədə daha yaxşı çıxış etdiyini bildirib:

“Hər iki komandanın göstərdiyi oyun bundan əvvəlki matçla müqayisədə daha yaxşı idi. Çox gözəl, fantastik stadionda oynadıq. Yaxşı oyun oldu, rəqabət var idi. Yalnız işimizlə daha da yaxşı ola, inkişaf edə bilərik. Necə ki, əzmlə işləyirik, buna davam edəcəyik”.

Baş məşqçi futbolçularının inkişafından razı qaldığını, lakin komandanın potensialının daha yüksək olduğunu vurğulayıb:

“Əlbəttə ki, bütün oyunçular eyni keyfiyyətə malik deyillər. Amma əlimdə olan bütün futbolçular inkişaf edirlər. Bu da mənim üçün vacib amildir. Bu cür oyunçularla dünyanın sonuna da gedə bilərəm. İnanın ki, məşqin hər saniyəsində düzgün işləməyə çalışırlar, inkişaf etmək istəyirlər. Məşq prosesində də səhvlər olur, bunun üzərində çalışırıq, düzəlişlər edirik. Mənim futbola öz baxış bucağım var. İstəyərəm ki, buradan gedəndə oyunçular daha da inkişaf etmiş olsunlar”.

Rui Jorje dünya çempionatında Azərbaycan millisinin hansı oyun üslubuna üstünlük verəcəyi barədə suala da cavab verib:

“Bir matç iki komandanın oyunundan ibarətdir. Azərbaycan millisi bu dünya çempionatında təşkilatçı ölkə kimi iştirak edəcək. Rəqiblərin hamısı seçmə mərhələləri adlayaraq gələcəklər. Necə oynayacağımızı indidən demək məntiqsiz olardı. Əlbəttə ki, işimizi görəcəyik. Oyunumuz yaxşı alınsa, bu, məni daha çox sevindirəcək. Ən çox istədiyim odur ki, Azərbaycan xalqı qürur hissi keçirsin. Ali məqsədim odur ki, bunu dünyaya göstərə bilək: azərbaycanlılar da futbol oynaya bilirlər, yaxşı çıxış edirlər”.

Mütəxəssis komandanın hazırlıq səviyyəsinin hələ onu tam qane etmədiyini də etiraf edib:

“Çox yaxşı hazırlıqlı kollektivimiz var. Amma yenə də bilirəm ki, bu, hələ kifayət deyil. Oyunçuların səviyyəsini bilirəm. Ona görə də hələ qane olmuram”.

Baş məşqçi Əli Bəşirovun əvəzlənməsinin yorğunluqla bağlı olmadığını açıqlayıb:

“Hər bir futbolçudan istifadə etmək istəyirəm. Dəyişiklik hansısa yorğunluqla bağlı deyildi. Əli Bəşirov çox yaxşı oyunçudur. Daim inkişaf edir. Bunlar onun inkişafına kömək edəcək”.

Lorenzo Mezzettore barədə danışan portuqaliyalı mütəxəssis futbolçunu tanıdığını, lakin onun U-20 yığmasında rəhbərliyi altında çıxış etmədiyini bildirib.

Rui Jorje növbəti təlim-məşq toplanışlarının ölkə xaricində keçirilməsi ehtimalına da münasibət bildirib:

“Çox istəyirəm ki, toplanışlarımızın hamısını burada keçirək. Bəzən bizdən asılı olmayan səbəblərdən, şəraitlə əlaqədar olaraq, ölkə xaricində də toplanış keçirə bilərik. Yanvarda burada şərait o qədər də uyğun olmur, hava soyuq olur. Bunu nəzərə alaraq, ölkə xaricində toplanış keçirə bilərik”.

Baş məşqçi Azərbaycan klublarına göstərdikləri əməkdaşlığa görə təşəkkür edib:

“Azərbaycanda çox yaxşı şərait var. Hazırda buradayıq, dünya çempionatı da burada olacaq. Şərait məni qane edir. Fürsətdən istifadə edib bütün klublara təşəkkür edirəm. Hazırda FIFA təqvimindən kənar təşkil olunmuş toplanışdır. Məsələn, “Sumqayıt” bu gün oyuna çıxacaq, amma dörd futbolçusu bizimlə toplanışdadır. Bu toplanış bizim üçün çox vacib idi. Klublardan üzr istəyirəm ki, bəlkə də hansısa planlarını pozmuşuq”.

Qeyd edək ki, Azərbaycan və İraqın U-20 milliləri arasında noyabrın 17-də Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən ilk yoldaşlıq görüşü 0:0 hesabı ilə başa çatıb. İkinci qarşılaşmada isə yığmamız 2:1 hesablı qələbə qazanıb.

İdman.Biz