İtaliyanın “Milan” klubu “Liverpul”un kapitanı Vircil van Deykin transferi üçün yaranmış vəziyyətdən yararlanmaq istəyir.
İdman.Biz “SportItalia”ya istinadən xəbər verir ki, 35 yaşlı niderlandlı müdafiəçi İngiltərə təmsilçisi ilə yeni müqavilənin müddəti barədə razılığa gələ bilmir.
Van Deyk mövcud müqaviləsini daha iki il uzatmaq istəyir. “Liverpul” isə futbolçunun yaşını və müdafiə xəttinin gələcək planlaşdırılmasını nəzərə alaraq bu tələbi qəbul etməyə tələsmir. Klubun müqaviləni yalnız bir il uzatmağa üstünlük verdiyi bildirilir.
Yaranmış vəziyyəti “Milan” rəhbərliyi diqqətlə izləyir. İtaliya klubunun sahibi Cerri Kardinale təcrübəli müdafiəçini komandasında görmək istəyir. Tərəflər razılığa gəlməsələr, “Milan” 2027-ci ilin yayında futbolçunu azad agent kimi heyətinə qata bilər.
Bununla belə, mümkün transferin maliyyə tərəfi ciddi əhəmiyyət daşıyır. Van Deykin yüksək maaşı, imza bonusu və digər xərclər İtaliya klubu üçün əlavə yük yarada bilər.
Hazırda “Milan”la futbolçu arasında konkret danışıqlar aparıldığı barədə məlumat yoxdur.
Qeyd edək ki, 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edən van Deykin müqaviləsi 2027-ci ilin yayında başa çatır. Müdafiəçi cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib.
