FIFA “RealResponse” şirkəti ilə birgə futbolçuların və hakimlərin dürüst oyun prinsiplərinin mümkün pozuntuları barədə anonim məlumat verməsinə imkan yaradan xüsusi xidmət hazırlayıb.
İdman.Biz xəbər verir ki, yeni platforma FIFA-nın himayəsi altında keçirilən bütün yarışların iştirakçıları üçün nəzərdə tutulub. Müraciətləri üç üsulla – elektron poçt, SMS və xüsusi veb-forma vasitəsilə göndərmək mümkün olacaq. Sistem, xüsusilə, oyun nəticələrinin manipulyasiyası və digər qayda pozuntuları ilə bağlı şübhələr barədə məlumat verməyə imkan yaradır.
FIFA hesab edir ki, yeni mexanizm bu cür halların bildirilməsi prosesini asanlaşdıracaq, xidmətə çıxış və məxfiliyin qorunması ilə bağlı narahatlıqlardan irəli gələn maneələri aradan qaldıracaq.
Futbolçular və hakimlər yeni xidmət barədə yarışlardan əvvəl keçirilən təlimatlandırma görüşlərində, həmçinin QR-kodlar yerləşdirilmiş xüsusi məlumat materialları vasitəsilə məlumatlandırılacaqlar.
FIFA-nın dürüstlük məsələləri üzrə baş meneceri Liam Riç bildirib:
“Futbolçuların və hakimlərin dürüstlüklə bağlı problemlər barədə birbaşa FIFA-ya məlumat vermək üçün aydın, əlçatan və istifadəsi asan vasitəsi olmalıdır. Onlar bu imkandan rahat şəkildə istifadə edə bilməlidirlər. Bu kanal onlara futbolun dürüstlüyünü qorumaq və vəziyyəti qiymətləndirməyimizə kömək etmək üçün məlumatları anonim şəkildə ötürməyin əlavə və təhlükəsiz yolunu təqdim edir”.
Bundan başqa, yeni xidmət FIFA-nın sosial şəbəkələrdə müdafiə üzrə komandasına da kömək edəcək. Platforma vasitəsilə futbolçuların sosial şəbəkələrdə təhqir və təqibə məruz qalması halları barədə də məlumat vermək mümkün olacaq.
