“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunda səfərdə “İmişli” ilə 2:2 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra hakim qərarlarına irad bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının 2:0 hesablı üstünlüyü qoruya bilməməsindən məyusluğunu gizlətməyib.
“Oyun bizim üçün uğurlu keçirdi. 70-ci dəqiqəyə qədər yaxşı oynayırdıq. Qol epizodlarımız var idi. Həmin dəqiqələrdə hamının ağlında hesabın böyüyəcəyi düşüncəsi var idi. Amma rəqibin qazandığı iki penalti hər şeyi dəyişdi. Ondan sonra yaxşı qol fürsətimiz oldu, amma fərqlənə bilmədik. Çox məyusedici xal itkisidir. Rəqibə qol epizodu vermədən iki qol buraxdıq. Uğursuz statistikamız davam edir. Qapımıza gələn üç zərbədən ikisi qolla nəticələnir. Belə statistika ilə qələbə qazanmaq çətindir”.
Sadıqov penalti epizodlarını hələ ətraflı izləmədiyini bildirsə də, hakimin oyunun sonlarında verdiyi qərarları tənqid edib:
“Son dəqiqələrdə yersiz xırda foullar verilirdi və oyunun tempi düşürdü. Artırılan vaxtın da üç dəqiqə olması doğru deyil. Dünya futbolunda oyunlara 5-6 dəqiqə artırıldığını görürük. İki penaltiyə görə VAR-a baxılmışdı, vaxt itkisi olmuşdu. Bunlar nəticəyə təsir edəcək şeylər deyil, amma oyunun gedişatına təsir edir”.
Baş məşqçi hakim qərarlarına emosional reaksiya verməməsinin səbəbini də açıqlayıb:
“Gedişat belə olduqda səbirli olmağa məcbursan. Çünki emosiyalara qapılmaq vaxtı deyil. Bizimlə bağlı qəribə hadisələr baş verir. Ən azı 24-25 xal toplamaq imkanımız var idi. Gözləyirik ki, bunlar nə vaxtsa bitəcək. Amma hələ ki davam edir. Bəlkə də çempionatda ən çox qol epizodu yaradan üç komandadan biriyik. Təəssüflər olsun ki, onlardan istifadə edə bilmirik. Burada ustalıq da böyük rol oynayır. Oyunları rahat başa vura bilmirik”.
Sadıqov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı çıxışını da müsbət qiymətləndirib:
“Yaxşı dəyərləndirirəm. Qrupu birinci yerdə başa vurdular. Ayxan müəllimi təbrik edirəm. Çox çalışırdılar. Sonda da buna nail oldular”.
Təcrübəli mütəxəssis Emin Mahmudovun milli komandadakı karyerasını başa vurmasına da münasibət bildirib:
“Emin Azərbaycan futboluna çox şey qazandırıb. Millinin bombardiri olmağı təsadüfi deyil. Eminin yerini doldurmaq asan olmayacaq. O mövqedə çıxış edən gənc futbolçular çalışırlar ki, millidə əsas oyunçuya çevrilsinlər. Ümid edirəm ki, gələcəkdə Emini əvəzləyə biləcəklər. Amma asan olmayacaq”.
