“Düşünürəm ki, bu matçda iki fərqli hissə izlədik. Birinci hissə istədiyimiz kimi alınmadı. Xüsusilə ön xətdə təzyiqi gözlədiyimiz səviyyədə göstərə bilmədik. Futbolçular fiziki baxımdan üzərlərinə düşən tapşırıqları tam yerinə yetirmədilər”.
İdman.Biz xəbər verir ki, bu sözləri “İmişli” futbol komandasının baş məşqçisi Ervins Perkons Misli Premyer Liqasının 12-ci turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Latviyalı mütəxəssis görüşün iki fərqli hissəsindən, əvəzetmələrin təsirindən və komandasının milli komandaya futbolçu göndərməməsi ilə bağlı sualdan danışıb:
“Təbii ki, taktiki səhvlər də var idi. Düşünürəm ki, əsas problemimiz fiziki hazırlıqla bağlı idi. İkinci hissədə isə, qol buraxmağımıza baxmayaraq, daha yaxşı oynadıq. Əvəzetmələrdən sonra komandamızın oyunu xeyli dəyişdi. Düzülüşümüzdə də müəyyən dəyişiklik etdik və ehtiyatdan meydana daxil olan futbolçular bizə böyük dəstək verdilər. Qol buraxdıqdan sonra ruhdan düşmədik. İnanırdıq ki, qol vura və qol epizodları yarada bilərik. Komandadakı hər kəs buna inanırdı. Sonda da istəyimizə çatdıq. Düşünürəm ki, ən azı bir xal qazanmağa layiq idik. Təbii ki, bura bir xal üçün gəlməmişdik. Məqsədimiz üç xal qazanmaq idi. Amma oyunun gedişatını, xüsusilə də ilk hissədəki çıxışımızı və buraxdığımız səhvləri nəzərə alsaq, bir xal da pis nəticə deyil.
İlk növbədə qeyd edim ki, milli komandanın baş məşqçisi öz qərarlarını verir və heyəti özü müəyyənləşdirir. Mənim fikrimcə, komandamızda milli komandaya namizəd ola biləcək futbolçular var. Hətta deyərdim ki, yerli futbolçularımızın, bəlkə də, əksəriyyəti bu səviyyədədir. Bəzi gənc oyunçuları istisna etsək, bu gün əsas heyətdə meydana çıxan futbolçularımızın hamısının millidə oynamaq potensialı var. Çağırış almayan futbolçular üçün bu, daha çox işləmək və inkişaf etmək baxımından motivasiya olmalıdır. Məşqlərdə daha yaxşı çalışmalı, texniki və taktiki cəhətdən üzərlərində işləməlidirlər. İnanıram ki, ikinci hissədəki kimi oynamağa davam etsələr, bəlkə növbəti toplanışda yox, iki-üç milli fasilədən sonra şans qazana bilərlər. Bu barədə milli komandanın baş məşqçisi ilə danışmamışam. Yalnız öz futbolçularımla söhbət etmişəm. Onlara demişəm ki, milliyə çağırılmamağınız sizin üçün motivasiya və özünüzü göstərmək imkanı olmalıdır. Azərbaycan Premyer Liqasının hər oyununda ən yüksək səviyyədə çıxış etməlisiniz. Ən vacib məqamlardan biri də sabitlikdir. Bir oyunda yaxşı, digərində zəif çıxış etməklə milliyə dəvət almaq çətindir. Hər matçda eyni səviyyədə oynamaq, çox çalışmaq və özünü inkişaf etdirmək lazımdır. İnanıram ki, bunu bacarsalar, gec-tez milli komandaya dəvət alacaqlar”.
