AFFA UEFA-nın dəstəyi ilə həyata keçirdiyi Qadın Məşqçiləri üçün İnkişaf Proqramı çərçivəsində UEFA C lisenziya kursuna start verib.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, proqramın ilk kursunun açılışında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Məşqçi Təhsili Şöbəsinin rəhbəri Aslan Kərimov və təhsil üzrə ekspert Nigar Nəsrullayeva iştirak ediblər. Layihənin əsas məqsədi qadınların məşqçilik sahəsində peşəkar inkişafını dəstəkləmək, UEFA lisenziyalı qadın mütəxəssislərin sayını artırmaq və onların futbolun müxtəlif səviyyələrində fəaliyyət imkanlarını genişləndirməkdir.
Proqram çərçivəsində təşkil olunan UEFA C lisenziya kursuna Bakıdan və regionlardan 21 qadın məşqçi cəlb olunub. Kurs müddətində iştirakçılara məşqçilik fəaliyyətinin əsas prinsipləri, hazırlıq prosesinin planlaşdırılması və təşkili, futbolçuların inkişafı, məşq metodologiyası və praktiki vərdişlərin təkmilləşdirilməsi istiqamətində bilik və bacarıqlar aşılanır. Tədris prosesi nəzəri və praktiki məşğələləri, eləcə də məşqçilərin öz komandaları ilə yerinə yetirəcəkləri təcrübi tapşırıqları əhatə edir. Təlimlər qadın futbolu üzrə texniki direktor Emrah Aykurt, həmçinin AFFA-nın Məşqçilik Təhsili Şöbəsinin instruktor və tutorları tərəfindən keçirilir.
Qadın məşqçilər üçün inkişaf proqramı 2027-ci ildə də davam edəcək. AFFA-nın həyata keçirdiyi bu layihə çərçivəsində UEFA C, UEFA B, UEFA A və UEFA Fitnes B səviyyələri üzrə kurslara qatılmaq istəyən mütəxəssislər üçün müraciətlərin qəbulu aparılır. Proqram qadın məşqçilərin müxtəlif ixtisaslaşma və lisenziya səviyyələri üzrə peşəkar inkişafını dəstəkləməyi, onların bilik və təcrübəsini artırmağı, eləcə də Azərbaycan futbolunda kadr potensialını genişləndirməyi hədəfləyir.
AFFA qadınların futbolun bütün səviyyələrində təmsilçiliyinin artırılması və məşqçilik sahəsində peşəkar yüksəlişi üçün imkanların yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
