“Mançester Yunayted”in əfsanəsindən sərt tənqid: “46 ötürmə etdilər, topa toxuna bilmədik”

20 Noyabr 2026 20:11
47
“Mançester Yunayted”in əfsanəsindən sərt tənqid: “46 ötürmə etdilər, topa toxuna bilmədik”

“Mançester Yunayted”in sabiq futbolçusu Pol İns komandanın yeni baş məşqçisi Maurisio Poçettinonun işinin son dərəcə çətin olacağını bildirib.

İdman.Biz “Freebets.com”a istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi argentinalı mütəxəssisin təcrübəsinə güvənsə də, komandanın heyətində ciddi problemlərin olduğunu vurğulayıb.

“Poçettino yüksək səviyyəli məşqçidir. Onunla bir neçə dəfə görüşmüşəm. Çox mehriban, təvazökar və ünsiyyətcil insandır. Onu çox çətin iş gözləyir. Həqiqətən də belədir. Amma bu iş onun üçün eyni zamanda həyəcanverici olmalıdır”.

İns Poçettinonun “Tottenhem”dəki uğurlu fəaliyyətini xatırladaraq “Mançester Yunayted”in hazırkı heyətinin keyfiyyətini şübhə altına alıb:

“Onun “Tottenhem”də Harri Keyn, Dele Alli və Musa Dembele kimi yüksək səviyyəli futbolçuları var idi. Bəs “Mançester Yunayted”də belə oyunçular varmı? Buna əmin deyiləm”.

Keçmiş futbolçu komandanın fiziki hazırlığı və meydandakı mübarizə əzmi ilə bağlı narahatlığını da gizlətməyib. O, xüsusilə “Fulhem”lə səfər qarşılaşmasında yaşanan epizodu misal çəkib:

“Məni narahat etməyə başlayan məqamı bilirsiniz? Bu, “Fulhem”lə səfər oyunu idi. Rəqib oyuna başladıqdan sonra 46 ötürmə etdi və qapıya bir zərbə vurdu. Bu müddətdə “Mançester Yunayted”in futbolçuları topa bir dəfə də toxunmadılar. Səfərdə oynayanda ilk dəqiqələrdən özünü göstərmək istəyirsən. Amma 46 ötürmə ərzində topa toxunmamaq eşidilməmiş hadisədir”.

İns komandanın uğursuz çıxışının səbəblərindən birinin futbolçuların fiziki hazırlığı və düzgün hərəkət etməməsi olduğunu düşünür:

“Narahatedici vəziyyətdir. Kifayət qədər əzmkarlıq, intensiv qaçış və düzgün hərəkətlər yoxdur. Ola bilsin ki, komandanın hazırda yaxşı nəticələr göstərməməsinin səbəbi də budur”.

Qeyd edək ki, Poçettino “Mançester Yunayted”in baş məşqçisi vəzifəsində Maykl Karriki əvəzləyib. Argentinalı mütəxəssisin rəhbərliyi altında komanda ilk oyununu noyabrın 22-də səfərdə “Liverpul”a qarşı keçirəcək.

İdman.Biz