Dambrauskas “Barselona” ilə oyundan danışdı: “İnanılmaz hekayə yazmağa çalışacağıq”

20 Noyabr 2026 23:04
50
Dambrauskas “Barselona” ilə oyundan danışdı: “İnanılmaz hekayə yazmağa çalışacağıq”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Barselona” ilə keçirəcəkləri qarşılaşma barədə iddialı açıqlama verib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis Misli Premyer Liqasının 12-ci turunda “Sumqayıt” üzərində 5:1 hesablı səfər qələbəsindən sonra keçirilən mətbuat konfransında komandasının qarşıdakı matça yanaşmasından danışıb.

Dambrauskas Çempionlar Liqasındakı oyunların futbolçular üçün xüsusi fürsət olduğunu vurğulayıb:

“Daha çox çempionat oyunlarından əvvəl belə hallar baş verir. Çempionlar Liqasında bu cür matçlardan həzz almaq lazımdır. Çalışırıq ki, hər oyunda qalib gələk. Azarkeşləri oyuna dəvət edirik. Futbol elə oyundur ki, bəzən inanılmaz hekayələr yazılır. Çalışacağıq ki, çərşənbə günü biz də o hekayələrdən birini yazaq”.

Baş məşqçi “Sumqayıt”la qarşılaşmanın gedişinə də münasibət bildirib. Onun fikrincə, rəqibin azlıqda qalması həlledici məqamlardan biri olsa da, “Sabah” buna qədər də üstün oyun nümayiş etdirib.

“Rəqib 11 nəfərlə oynayanda da yaxşı çıxış edirdik. Çox yaxşı qol epizodlarımız oldu. Rəqibə aqressiv şəkildə pressinq edirdik. Buraxdığımız qolda səhvimiz var idi. Rəqib səhvdən yararlandı. “Sumqayıt” 60 dəqiqə 10 nəfərlə oynadığı üçün nəzarət tamamilə bizim tərəfimizdə idi. Beş qol da bunu göstərir”.

Dambrauskas matçda fərqlənən Xəyal Əliyevin çıxışından da razı qaldığını bildirib. O, gənc futbolçunun komanda üçün əhəmiyyətini vurğulayaraq verilən imkanlardan maksimum yararlanmasının vacibliyini qeyd edib:

“Həqiqətən də, Xəyal bizim üçün çox önəmli oyunçudur. Bəzi həlledici anlarda ona fürsət veririk. O da fürsətdən yararlanmağa çalışmalıdır. Xəyalı meydançada görmək mənim üçün fərəh hissidir”.

Qeyd edək ki, “Sabah” noyabrın 25-də Çempionlar Liqasının əsas mərhələsində “Barselona”nı qəbul edəcək.

İdman.Biz