“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının 12-ci turunda “Sabah”a 1:5 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının oyuna yaxşı başladığını, lakin azlıqda qaldıqdan sonra rəqiblə mübarizənin çətinləşdiyini bildirib:
“Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynamaq, təbii ki, çox çətindir. Düşünürdük ki, 90 dəqiqə ərzində bərabər sayda oynasaydıq, bəlkə də fərqli nəticə əldə etmək olardı. İlk 15 dəqiqədə komandamın yaxşı oynadığını düşünürəm. Topa nəzarət edə bilir, qol imkanları yaradırdıq. “Sabah”ın ardıcıl beş matçdır qələbə qazana bilmədiyini və bu gün mütləq qələbə üçün yüksək enerji, əzmkarlıq sərf edəcəyini nəzərə almışdıq. Daha sonra rəqib təşəbbüsü ələ aldı və qapımıza ilk zərbədə qolu vurdu. Bu qoldan sonra komandam qırmızı vərəqə alana qədər yaxşı reaksiya verdi”.
Kandido fasilədə futbolçularına təslim olmamağı tapşırdığını da qeyd edib:
“Çalışırdıq ki, heç olmasa ilk hissəni bərabərliklə başa vuraq, amma alınmadı. Fasiləyə məğlub durumda yollansaq da, futbolçularıma təslim olmamağı tapşırdım. Bildirdim ki, özümüz qol imkanı yarada, rəqibin səhvindən yararlana və ya onun qırmızı vərəqə alması ilə vəziyyəti dəyişə bilərik. Lakin rəqibin çox keyfiyyətli oyunçuları var, yaxşı imkanlar əldə etdilər və yekunda bu hesab qeydə alındı”.
Baş məşqçi komandasının iki ciddi səhvə yol verdiyini vurğulayıb. O, Lukas Blekin qırmızı vərəqə almasını xüsusilə tənqid edib:
“Oyun ərzində iki böyük səhvimiz oldu. Birincisi odur ki, autdan topu rəqibə verdik və qol vurdular. İkinci isə Blekin vəziyyətini deyərdim. Futbolçu sarı vərəqəsinin olduğunu unutmamalıdır, daha ehtiyatlı olmalıdır. Bəlkə də rəqibin qol vurmağı yaxşıdır, nəinki belə qırmızı vərəqə almaq. Hakimin qərarına gəldikdə isə hələ epizodun təkrarına baxmamışam. İstənilən halda məyusedici haldır. O, mərkəzdə bizim üçün çox vacib oyunçudur. Komandamızın mövsümdə ilk qırmızı vərəqəsi idi”.
Kandido stadiondakı atmosferi yüksək qiymətləndirsə də, azarkeşləri sevindirə bilmədiklərinə görə təəssüfləndiyini bildirib:
“Stadion və atmosfer möhtəşəm idi. Nəticəyə görə məyusam. Belə arenada meydana çıxmaq çox yaxşıdır. Azarkeşlərimizə yaxşı nəticə bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı. Futbolçularımı məyus görəndə çox pis oldum. Bu stadion və azarkeşlər üçün daha yaxşısını etməyə gücümüz var”.
