Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi olmamasının səbəbləri barədə yayılan iddialara münasibət bildirib.
İdman.Biz “Cronache di Spogliatoio”ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis klub rəhbərliyinin onun sərt iş metodlarından çəkindiyi barədə deyilənlərlə razılaşmayıb.
“Əgər kimsə mənim iş metodumdan qorxursa, deməli, qələbədən qorxur. Çünki bu metod qələbəyə aparır. Mənim cavabım budur”, - deyə Konte vurğulayıb.
57 yaşlı məşqçi “Mançester Yunayted”in zəngin tarixinə diqqət çəkərək klubun əvvəlki uğurlarına qayıtması üçün ciddi iş aparılmasının vacibliyini vurğulayıb:
“Mançester Yunayted” elə böyük tarixə malikdir ki, kiminsə klubu əvvəlki əzəmətinə qaytarmağa yönəlmiş yanaşmadan qorxmasını təsəvvür etmək mənə qəribə gəlir. Onlar sonuncu dəfə 2013-cü ildə Ferqusonun rəhbərliyi altında çempion olublar”.
Konte əfsanəvi baş məşqçi Aleks Ferqusona böyük hörmət bəslədiyini də bildirib:
“Onun kitabını oxumuşam. Londonda işlədiyim vaxt evində qonaq olmaq və onunla bir gün keçirmək şansım olub. Futbol haqqında danışmağa inanılmaz həvəsi var. Öz metodları ilə “Mançester Yunayted”i böyük kluba çevirib”.
İtaliyalı mütəxəssis uğur qazanmaq üçün yalnız futbolçuların deyil, klubdakı hər kəsin ciddi çalışmalı olduğunu əlavə edib:
“Bəzi fikirləri “Mançester Yunayted”ə qarşı az qala təhqir hesab edirəm. Sanki klubun öz tarixinə qayıtmasına mane olmaq istəyirlər. Böyük nəticələr üçün müəyyən iş metodu lazımdır. Bu metod çox çalışmağı tələb edirsə, bəli, hamı çox işləməlidir. Təkcə futbolçular yox”.
Qeyd edək ki, “Mançester Yunayted” Maykl Karrikin gedişindən sonra baş məşqçi vəzifəsinə Maurisio Poçettinonu təyin edib. Konte də bu posta namizədlər arasında göstərilirdi.
