Lerikin dağ kəndində futbol sevgisi: Uşaqdan böyüyə hamı meydanda - VİDEO

6 Avqust 2026 14:13
148
Lerikin dağ kəndində futbol sevgisi: Uşaqdan böyüyə hamı meydanda - VİDEO

Peşəkar futbola aparan yolun başlanğıcı heç də hər zaman böyük, dəbdəbəli stadionlardan keçmir. Əyalətlərdə, ucqar bölgələrimizdə futbola sevgi hər zaman böyük olub.

İdman.Biz xəbər verir ki, Lerik rayonunun Çayrud kəndində sakinlər bunun ən gözəl nümunəsini ortaya qoyublar.

Belə ki, kənd sakinləri öz təşəbbüsləri və imkanları hesabına futbol meydançası hazırlayaraq asudə vaxtlarını burada keçirirlər. Onların futbol oynadığı anları əks etdirən görüntülər “TikTok” sosial şəbəkəsində yayılıb və qısa zamanda böyük maraq doğurub.

Videodan da görünür ki, Çayrud kəndində uşaqdan böyüyə futbola maraq böyükdür. Meydanda yeniyetmələrdən tutmuş yaşlı sakinlərə qədər hər kəs topun arxasınca qaçır, oyundan zövq alır və futbola olan sevgisini yaşayır. Peşəkar şərait olmasa da, səmimi ab-hava və birlik hissi bu çatışmazlığı tamamilə unutdurur.

Kənd sakinlərinin öz gücləri ilə yaratdıqları bu kiçik futbol məkanı təkcə idman meydançası deyil, həm də müxtəlif nəsilləri bir araya gətirən görüş yerinə çevrilib. Burada həm sağlam həyat tərzi təbliğ olunur, həm də kənddə sosial həmrəylik daha da möhkəmlənir.

İdman.Biz