“Sabah”ın futbolçusu atasının kölgəsində qalmaqdan danışdı

12 Noyabr 2026 16:55
37
“Sabah”ın futbolçusu atasının kölgəsində qalmaqdan danışdı

Aden Makkarti Cənubi Afrikanın “Kayzer Çifs” komandasında çıxış etdiyi dövrdə tanınmış futbolçunun oğlu olmasının yaratdığı təzyiqlərdən və özünü sübut etmək istəyindən söz açıb.

“Sabah” futbol komandasının müdafiəçisi Aden Makkarti Cənubi Afrikada çıxış etdiyi dövrdə atası Fabian Makkarti ilə müqayisə olunmasına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 22 yaşlı futbolçu “Soccer Laduma” nəşrinə açıqlamasında atasının məşhur futbolçu olmasının ona əlavə məsuliyyət yaratdığını, lakin bu vəziyyəti motivasiyaya çevirdiyini deyib.

“Bunu təzyiq adlandırmazdım. Kənardan həmişə müxtəlif fikirlər səslənir, müqayisələr aparılır. Hələ ehtiyat komandada çıxış etdiyim vaxtdan mənə belə suallar verirlər. Mən isə bütün bunları motivasiyaya çevirirəm. Atamın etdiklərini təkrarlamaq, hətta ondan daha yaxşı olmaq və daha yüksək səviyyəyə çatmaq istəyirəm”, - deyə Makkarti bildirib.

Gənc müdafiəçinin atası Fabian Makkarti Cənubi Afrika futbolunun tanınmış simalarındandır. O, 2002-2008-ci illərdə “Kayzer Çifs”də çıxış edib və komandanın heyətində 152 oyun keçirib.

Aden də məhz bu klubun akademiyasında yetişib. O, 2025-ci ilin mayında əsas komandada debüt edərək klub tarixində ata və oğul olaraq eyni komandanın formasını geyinən beşinci ailənin nümayəndəsi olub.

Makkarti 2026-cı ilin yanvarında “Qolden Arrouz”la çempionat oyununda yeganə qolu vuraraq komandasına 1:0 hesablı qələbə qazandırıb.

Maraqlıdır ki, atası Fabian da 2005-ci ildə məhz həmin rəqibin qapısına yol tapıb. Onlar Cənubi Afrika Premyer Liqası tarixində “Kayzer Çifs”in heyətində eyni komandaya qol vuran ilk ata-oğul cütlüyü olublar.

2026-cı ilin yayında “Sabah”a transfer olunan müdafiəçi bununla karyerasında yeni mərhələyə başlayıb. Atası Fabian Makkarti də oğlunun Azərbaycana keçidini müsbət qiymətləndirərək onun özünü daha yüksək səviyyədə sübut etməyə hazır olduğunu bildirib.

Bir müddət öncə Fabian Makkarti müsahibəsində övladları futbolla məşğul olan valideynlərə müraciət edərək, uşağı oynamadığı üçün bir komandadan çıxarıb, məşqçi ilə dostluq münasibətləri olduğuna görə başqa komandaya aparmalarını tənqid etmişdi.

Qeyd edək ki, Aden Makkarti “Kayzer Çifs”in əsas komandasında son mövsümündə bütün turnirlərdə 31 oyunda iştirak edib və iki qol vurub.

İdman.Biz