“Palms Sports” Futbol Mərkəzində “Neftçi”nin akademiya komandaları üçün antidopinq mövzusunda seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, tədbirdə U-19, U-17, U-16 və U-15 komandalarının futbolçu və məşqçi heyəti iştirak edib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara antidopinq qaydaları, onların idmanda tətbiqi və idmançıların məsuliyyəti barədə ətraflı məlumat verib.
Seminarda gənc futbolçuların erkən yaşlardan bu qaydaları mənimsəməsinin mümkün qayda pozuntularının qarşısının alınmasında əhəmiyyəti diqqətə çatdırılıb. Antidopinq tələblərinə əməl olunmasının peşəkar idmanın əsas prinsiplərindən biri olduğu qeyd edilib.
Tədbirin əsas məqsədi futbolçu və məşqçilərin bu sahədə məlumatlılığını artırmaq, məsuliyyətli idman davranışını və dürüst rəqabət prinsiplərini təşviq etmək olub.
