“Milli fasilədən biz də digər komandalar kimi maksimum faydalanmaq istəyirik. Elə məşqlər var ki, onları çempionat davam etdiyi müddətdə keçirmək mümkün olmur. Bu fasilədə həmin çalışmalar üzərində işləyəcəyik”.
Bu sözləri Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” futbol komandasının baş məşqçisi Füzuli Məmmədov milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründəki hazırlıq planlarından danışarkən deyib.
Komandanın çalışdırıcısı bu müddətdə yoxlama oyunu keçirəcəklərini və çempionatın növbəti matçına hazırlaşacaqlarını bildirib.
“Şəfa” ilə noyabrın 14-də yoxlama oyunu keçirəcəyik. Ardından isə “Gəncəbasar”la görüşün hazırlıqlarına başlayacağıq”, - deyə o fanat.az-a açıqlamasında bildirib.
Qeyd edək ki, yeddi turdan sonra 18 xal toplayan “Şahdağ Qusar” Birinci Liqanın turnir cədvəlinə liderlik edir.
