Kamerun millisinin və Rusiyanın “Spartak” futbol komandasının müdafiəçisi Kristofer Vu “Axmat”la matçda yol verdiyi qeyri-adi səhvi şərh edib.
İdman.Biz xəbər verir ki, hadisə Rusiya Premyer Liqasının ikinci turunda Qroznıda keçirilən qarşılaşmanın əvvəlində baş verib.
Qapıçı Aleksandr Maksimenko qapı zərbəsindən sonra topu Vuya ötürüb. Kamerunlu müdafiəçi topun artıq oyuna daxil edildiyini anlamayaraq onu cərimə meydançasında əlinə götürüb. Hakim bu epizoda görə “Spartak”ın qapısına penalti təyin edib. Eqaş Kasintura beşinci dəqiqədə zərbəni dəqiq yerinə yetirib.
Vu 39-cu dəqiqədə qol vuraraq hesabı bərabərləşdirib. Esekiel Barko isə 90+1-ci dəqiqədə cərimə zərbəsindən fərqlənərək “Spartak”a 2:1 hesablı qələbə qazandırıb.
“Futbolda belə hallar olur, səhvlər baş verir. Gələcəkdə bunu nəzərə almaq lazımdır. Məşqlərdə qapıdan oyun qurarkən topu əlimlə düzəldirəm. Rəsmi matçlarda bunu etmək olmaz, bundan sonra yadımda saxlayacağam”, - deyə Vu bildirib.
