Beynəlxalq Futbol Federasiyası (FIFA) turnirin bəzi hüquqlarını özəl investorlara satarsa, İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etməkdən imtina etməyə hazırdır.
İdman.Biz bu barədə “El Espanol” qəzetinə istinadən məlumat verir.
İspaniya, Portuqaliya və Mərakeş 2030-cu il dünya çempionatına birgə ev sahibliyi etməlidirlər. Açılış oyunlarının Argentina, Uruqvay və Paraqvayda keçirilməsi planlaşdırılır.
Mənbənin məlumatına görə, İspaniya və Portuqaliya hüquqlar üçüncü tərəf investorlara satılarsa, FIFA tərəfindən maliyyələşdirilən turnirləri boykot etməyə hazır olduğunu bildirən Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mövqeyini dəstəkləyir. Lakin onların mövqeyi Mərakeşin mövqeyindən fərqli ola bilər, çünki Afrika Futbol Konfederasiyası (CAF) FIFA-nın təşəbbüsünə daha az tənqidi yanaşıb.
İspaniya, Portuqaliya və Mərakeş arasında fikir ayrılığı onların layihələrini əlaqələndirmək üçün yeni bir maneə yarada bilər.
