UEFA FIFA-nı dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planları ilə bağlı növbəti dəfə bəyanat yayıb.
İdman.Biz xəbər verir ki, Avropa futbol qurumunun yaydığı bəyanatda FIFA-nın milli futbol assosiasiyalarına sözügedən təklifləri dəstəkləmək üçün son tarix müəyyənləşdirməsinə münasibət bildirib.
"Bu gün biz FIFA-nın assosiasiyalara öz təkliflərini dəstəkləmək və ya birdəfəlik ödəniş təklifinin geri götürülməsi ilə bağlı müəyyən etdiyi son tarixdən xəbər tutduq. Bu, sözügedən plan haqqında bilməli olduğunuz hər şeyi göstərir", - deyə UEFA-nın bəyanatında qeyd olunub.
Bildirilib ki, futbol ictimaiyyətinin müxtəlif nümayəndələri ilə aparılan müzakirələr FIFA-nın bu təşəbbüsünə qarşı ciddi və getdikcə artan narazılığın olduğunu göstərir: “Futbolun inkişafı bütün tərəflərin - milli assosiasiyaların, klubların, liqaların, futbolçuların və azarkeşlərin maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. FIFA futbolumuzdan özünü və dostlarını zənginləşdirmək üçün istifadəyə davam edə bilməz. Biz futbolu düzgün şəkildə inkişaf etdirə bilərik. İndi əsas diqqəti assosiasiyalara, klublara, liqalara, futbolçulara və azarkeşlərə yönəltməyin vaxtıdır".
Qeyd edək ki, daha əvvəl UEFA FIFA-nın dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara təqdim edilməsi ilə bağlı mümkün planlarını tənqid etmişdi. Avropa futbol qurumu hesab edir ki, futbolun idarəetmə modeli və dəyərləri yalnız kommersiya maraqları üzərində qurulmamalıdır.
