"Tottenhem" "Mançester Siti"nin futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır

29 İyul 2026 04:14
88
"Tottenhem" "Mançester Siti"nin futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır

Londonun "Tottenhem" futbol klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Savinyonu transfer etmək niyyətindədir.

İdman.Biz "The Times" nəşrinə istinadən xəbər verir ki, London klubu 22 yaşlı braziliyalının keçidi üçün təxminən 60 milyon funt-sterlinq (70 milyon avro) ödəməyə hazırdır.

Bildirilib ki, futbolçu artıq "Mançester Siti" rəhbərliyinə komandanı dəyişmək istədiyini çatdırıb. "Tottenhem" ötən yay da Savinyo ilə maraqlansa da, "şəhərlilər"in tələb etdiyi 67 milyon funt-sterlinqə görə transfer baş tutmamışdı.

Daha əvvəl "Tottenhem"in futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilmişdi. Komandanın baş məşqçisi Roberto De Dzerbi Savinyonu heyətin əsas transfer hədəflərindən biri hesab edir.

Savinyo 2024-cü ildən "Mançester Siti"də çıxış edir. Onun klubla müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir. Braziliyalı futbolçu İngiltərə təmsilçisinin heyətində bütün turnirlərdə 84 oyuna çıxıb, 7 qol vurub və 16 məhsuldar ötürmə edib.

İdman.Biz