“Barselona”nın sabiq hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi futbolçunun Kataloniya klubundan ayrılmasının səbəblərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, agent “Sportowe Fakty“ nəşrinə müsahibəsində klub prezidenti Joan Laportanın polşalı forvardın komandada daha bir mövsüm qalmasını istədiyini bildirib.
“Laporta Roberti çox sevirdi və onun daha bir mövsüm “Barselona”da qalmasını arzulayırdı. 2025-ci ilin dekabrında onunla danışanda dedi ki, Robertin komandada qalmasını istəyir. Amma Laporta idman məsələlərinə qarışmır. Heyətin formalaşdırılmasına idman direktoru Deko və baş məşqçi Hansi Flik cavabdehdir. Onlar Levandovskiyə əsas heyətdə daimi yer vəd edə bilmədilər. Robert üçün ən vacib məsələ oynamaq idi. Gələcəklə bağlı baxışlarımız fərqli olduğuna görə digər variantları nəzərdən keçirməyə başladıq”.
Agent əlavə edib ki, Levandovski “Barselona”dan narazı ayrılmayıb və klubla münasibətləri hələ də yüksək səviyyədədir:
“İki həftə əvvəl Laporta ilə görüşdüm. O, mənə dedi: “Robertə çatdırın ki, biz onu sevirik. O, klubumuzun tarixinin bir hissəsidir və “Barselona”nı xilas edən futbolçulardan biridir”. Əminəm ki, Robert gələcəkdə klubda işləmək istəsə, ona mütləq yer tapılacaq”.
