Federasiya prezidenti Zidanın təyinatını yeni dövrün başlanğıcı adlandırdı

29 İyul 2026 00:32
74
Federasiya prezidenti Zidanın təyinatını yeni dövrün başlanğıcı adlandırdı

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunmasına münasibət bildirib.

İdman.Biz "Eurosport France"-a istinadən xəbər verir ki, Filipp Diallo sabiq baş məşqçi Didye Deşama təşəkkür etməklə yanaşı Zidanın təyinatına sevincini gizlətməyib:

"Bu gün səhər qeyri-adi bir an yaşayırıq. Təxminən 14 ildir federasiya belə vəziyyətlə üzləşmirdi. Bu anı xüsusi edən isə yanımda oturan insandır - Zinəddin Zidan.

Didye Deşamın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. O, 14 il ərzində Fransa millisinin ən yüksək zirvələrə çatmasına rəhbərlik etdi. Komandanın nüfuzunu bərpa etdi və yüksək nəticələr qazandırdı. İndi bu dövr başa çatdıqdan sonra ona təşəkkür etmək vacibdir.

2025-ci ilin yanvarında Deşam işini davam etdirməyəcəyini açıqlayanda tamamilə yeni vəziyyətlə qarşılaşdım. Məqsədimiz həm Fransa futbolunun qızıl dövrünü davam etdirmək, həm də yeni mərhələyə başlamaq üçün doğru qərar vermək idi.

Həmin vaxt federasiyanın vaxtı gələndə hazır olacağını bildirmişdim. İndi həmin vaxt gəlib və federasiya hazırdır".

Qeyd edək ki, 54 yaşlı Zinəddin Zidan bu gün Fransa millisi ilə 4 illik müqavilə imzalayıb. Zidan baş məşqçi postunda 2012-ci ildən komandaya rəhbərlik edən Didye Deşamı əvəzləyib.

İdman.Biz