Blatter FIFA prezidentinin dünya çempionatı planını sərt tənqid etdi

28 İyul 2026 23:54
93
Blatter FIFA prezidentinin dünya çempionatı planını sərt tənqid etdi

FIFA-nın sabiq prezidenti Yozef Blatter Canni İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planına münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Blatter sosial şəbəkə hesabında bu təşəbbüsü sərt tənqid edib.

"FIFA rəhbəri ilə ABŞ prezidentinin sıx münasibətləri artıq maliyyə müstəvisinə keçib və bu, futbola ciddi zərər vurur. Heç kimin bizim oyunumuzu satmağa haqqı yoxdur", - deyə Blatter yazıb.

Qeyd edək ki, İnfantino dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması planı üzərində işlədiyini açıqlamışdı. Məlumata görə, bu layihə ona şəxsi olaraq on milyonlarla funt-sterlinq gəlir gətirə bilər. Həmçinin danışıqların ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə aparıldığı iddia olunur.

UEFA da FIFA-nın bu təşəbbüsünü tənqid edib.

İdman.Biz