“Beşiktaş” futbol klubu misirli Məhəmməd Salahın transferini dayandırıb.
İdman.Biz-ın məlumatına görə, klubun direktoru Öndər Özən məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Salahın adamları paralel olaraq başqa klubla da danışıqlar aparırmışlar.
“Danışıqların ilkin mərhələsində mən və baş məşqçimiz Vinçenso İtalyano futbolçu ilə ümumilikdə üç dəfə görüş keçirdik. İlk günlər proses normal gedirdi, lakin iyulun 21-dən sonra danışıqlar yavaşladı. Maliyyə baxımından çətinlik yaradan tələblər irəli sürülməyə başlandı”, - Özən qeyd edib.
Özən bildirib ki, bu tələblərin birbaşa Salahın özündən qaynaqlandığını düşünmür: “Onun meneceri imic hüquqları ilə bağlı klubun indiyədək heç bir oyunçuya və ya əməkdaşa təqdim etmədiyi səviyyədə maliyyə şərtləri irəli sürdü. Klub rəhbərliyi isə düzgün mövqe tutaraq populist deyil, realist qərar verdi və danışıqları dayandırdı. Hazırda Məhəmməd Salahın transferi bizim üçün bağlanmış hesab olunur”.
O, həmçinin Duşan Vlahoviçlə bağlı vəziyyətə də toxunub: “Baş məşqçimiz onunla danışıb, lakin rəsmi danışıqlar aparılmayıb. Çünki onun hansı səviyyədə şərtlər irəli sürəcəyini bilirik. Ya top liqalarda oynamaq, ya da daha yüksək müqavilə əldə etmək istəyir. Bu səbəbdən o da gözləmə mövqeyindədir və bazarda maksimum həddini görmək istəyir”.
