“Liverpul” və “Tottenhem” italyan müdafiəçi üçün mübarizəyə başlayıb

27 İyul 2026 17:26
94
“Liverpul” və “Tottenhem” italyan müdafiəçi üçün mübarizəyə başlayıb

“Liverpul” və “Tottenhem” futbol klubları Madrid “Atletiko”sunun sol cinah müdafiəçisi Matteo Ruggerinin transferi ilə maraqlanır.

İdman.Biz tuttomercatoweb.com-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi xüsusilə Çempionlar Liqasında “Arsenal”a qarşı yarımfinal matçlarının hər ikisində əsas heyətdə yer alması ilə diqqət çəkib.

Məlumata görə, “Liverpul” Ruggerini bir neçə ildir izləyir və daha əvvəl də futbolçu ilə bağlı maraqlanıb. “Qırmızılar” və “Tottenhem” hazırda onun xidmətində maraqlıdır.

Bununla yanaşı, “Atletiko” müdafiəçini komandada saxlamaq niyyətindədir və yay transfer pəncərəsində gələcək təklifləri rədd etmək istəyir.

Ruggeriyə İtaliyanın “Fiorentina”, “İnter”, “Milan” və “Yuventus” klublarının da maraq göstərdiyi bildirilir.

Qeyd edək ki, italiyalı futbolçu 2025-ci ildə “Atalanta”dan 17 milyon avroya “Atletiko”ya keçdikdən sonra Madrid klubunda uğurlu çıxış edib. Ruggeri ötən mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb və avrokuboklarda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz