Fransa millisinin kapitanı və tarixinin ən yaxşı məhsuldar futbolçusu Kilian Mbappe DÇ-2026-dan sonra yığmanın azarkeşlərinə açıq məktub ünvanlayıb.
İdman.Biz xəbər verir ki, Mbappe sosial şəbəkə hesabında paylaşdığı məktubda azarkeşlərdən üzr istəməklə yanaşı onlara təşəkkür edib:
“Biz dünya kubokunu evə gətirə bilmədik. Bu, ağrılıdır və sizə yalan danışmayacağam - bu hiss bir müddət davam edəcək.
Siz gecələr yatmadınız, bəzən vaxt fərqinə görə səhərə qədər bizim dünyanın digər tərəfində necə oynadığımızı izlədiniz. Evlərdə, barlarda, ailəniz və dostlarınızla bir araya gəldiniz. Bəziləriniz stadionlarda yanımızda oldunuz, çiyinlərinizdə bayraqlar daşıdınız.
Uşaqların gözlərindəki sevinc, müxtəlif mənşəli və fərqli nəsillərdən olan insanlar - hamısını birləşdirən eyni hiss var idi: birlikdə olmaq sevinci. Futbolun gücü də budur.
Siz heç vaxt bizi tərk etmədiniz - ən çətin anlarda belə. Bu hekayəni yalnız meydandakı 11 futbolçu deyil, milyonlarla insan birlikdə yazdı”, - deyə Mbappe bildirib.
Fransalı hücumçu vurğulayıb ki, mundialın bombardiri olmaqdan qürur duyur, lakin bu mükafat dünya kuboku ilə birlikdə daha dəyərli olardı:
“Mən bu adı qürurla qəbul edirəm, amma kubokla birlikdə olsaydı, daha qiymətli olardı. Bəlkə də sizə bu hekayənin fərqli sonluğunu bəxş etməli idik. Amma sonluğu həmişə biz seçmirik - seçdiyimiz isə bu yolda nə verdiyimizdir. Biz hər şeyimizi verdik və bununla fəxr edirik”.
Mbappe komanda yoldaşlarına, baş məşqçi Didye Deşam və onun heyətinə də təşəkkür edib.
“Uşaqlıqda heç olmasa bir dünya çempionatında oynamaq arzusunda idim. Artıq üç mundialda iştirak etmişəm, birini qazanmışam, bu dəfə isə kapitan kimi meydana çıxmaq şərəfinə nail oldum. Bunu heç vaxt unutmayacağam”, - deyə futbolçu qeyd edib.
Mbappe mundialda 10 qolla turnirin ən məhsuldar futbolçusu olub. 2018-ci ildə dünya çempionu olan, 2022-ci ildə isə finala yüksələn Fransa bu dəfə turniri dördüncü pillədə başa vurub.
