Flik Rafinyanı əvvəlki formasına qaytarmaq istəyir

27 İyul 2026 12:25
98
Flik Rafinyanı əvvəlki formasına qaytarmaq istəyir

Rafinya bu həftə “Barselona”nın İngiltərədə keçiriləcək təlim-məşq toplanışına qoşulacaq və baş məşqçi Hansi Flik braziliyalı vingeri yeni mövsümdə yenidən ən yaxşı formasına qaytarmağı qarşısına əsas məqsəd kimi qoyub.

İdman.Biz mundodeportivo.com-a istinadən xəbər verir ki, Antoni Qordon və Kərim Adeyeminin transferlərindən sonra braziliyalı vinger Rafinya da bu həftə komandanın sıralarına qayıdacaq.

29 yaşlı futbolçu iyulun 29-da İngiltərədə keçiriləcək təlim-məşq toplanışına qoşulmalıdır. Avqustun 3-dək davam edəcək hazırlıq müddətində “Barselona” “Birmingem Siti” (31 iyul) və “Preston Nort End” (3 avqust) ilə yoldaşlıq oyunları keçirəcək. Bununla belə, klub Rafinyanın daha tez məşqlərə başlayaraq komanda ilə birlikdə İngiltərəyə yollanacağını da istisna etmir.

Braziliya millisinin 2026-cı il dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmasından sonra Rafinya son üç həftəni əzələ zədəsini tam sağaltmağa və istirahətə həsr edib. O, həm ABŞ-nin Orlando şəhərində, həm də ailəsi ilə birlikdə İbizada istirahət edib.

Rafinya mundiala Braziliya millisinin əsas hücum liderlərindən biri kimi yollansa da, qrup mərhələsində Haiti ilə oyunda sağ budun arxa əzələsindən zədə aldı. Tibbi müayinələrdən sonra heyətdən çıxarılmasa da, Norveçə qarşı oyunda ehtiyat oyunçular skamyasında qalıb.

Bu zədə onun son aylarda yaşadığı əzələ problemlərinin davamı oldu. Mart ayında Fransa ilə millilərarası oyunda da eyni nahiyədən zədələnən futbolçu beş həftə yaşıl meydanlardan kənarda qalmış, həmin dövrdə “Barselona” İspaniya Kuboku və UEFA Çempionlar Liqasından kənarlaşdırılıb.

Mundialdakı uğursuzluqdan sonra Rafinya haqqında maliyyə və ailə problemləri ilə bağlı xəbərlər də yayılmışdı. Lakin futbolçunun yaxın çevrəsi bu məlumatları təkzib edib. Eyni zamanda, “Əl-Hilal”ın 80 milyon avroluq təklif göndərdiyi barədə iddiaların da heç vaxt rəsmi xarakter daşımadığı vurğulanıb.

Hazırda tam sağalan Rafinya əsas məqsədinin əvvəlki yüksək formasını bərpa etmək olduğunu düşünür. O, Flikin rəhbərliyi altında keçirdiyi ilk mövsümdə vurduğu qollar, məhsuldar ötürmələri və sabit oyunu ilə komandanın beş titul qazanmasına böyük töhfə vermiş, hətta 2024/2025 mövsümündə “Qızıl top”a namizədlər sırasında göstərilib.

“Barselona” braziliyalı futbolçu üçün fərdi fiziki hazırlıq proqramı hazırlayıb. Məqsəd onun əzələ problemlərinin təkrarlanmasının qarşısını almaq, fiziki gücünü və oyun ritmini tam bərpa etməkdir.

Klub prezidenti Joan Laporta isə Rafinyanın gələcəyi ilə bağlı yayılan transfer iddialarına qəti mövqe sərgiləyib:

“Onun “Barselona”dan ayrılması kimi bir niyyətimiz yoxdur”.

İdman.Biz