“Barselona” Laporteyə görə daha böyük məbləğ ödəyə bilər

24 İyul 2026 11:33
100
“Barselona” Laporteyə görə daha böyük məbləğ ödəyə bilər

“Barselona” futbol klubunun maraq dairəsində olan İspaniya millisinin müdafiəçisi Eymerik Laporte ətrafında vəziyyət getdikcə mürəkkəbləşir.

İdman.Biz "AS" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 32 yaşlı futbolçunun transfer variantını nəzərdən keçirir.

Laporte “Barselona” üçün həm təcrübəli müdafiəçi, həm də İnyiqo Martinesin komandadan ayrılmasından sonra yarana biləcək boşluğu doldura biləcək oyunçu kimi qiymətləndirilir.

Lakin Bilbao təmsilçisi bu keçidə isti yanaşmır. İspaniya mətbuatının məlumatına görə, “Atletik” Laportenin müqaviləsindəki sərbəst qalma məbləği mediada yazıldığı kimi 12-15 milyon avro olması ilə razılaşmayacaq.

Klubdan verilən məlumata əsasən, “Barselona” futbolçunu transfer etmək istəsə, təxminən iki dəfə daha çox məbləğ ödəməli olacaq.

Laportenin “Atletik”lə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir və Bilbao klubu onun ayrılmasını planlaşdırmır.

Qeyd edək ki, “Barselona”nın baş məşqçisi Hansi Flikin sərəncamında beş mərkəz müdafiəçisi var: Pau Kubarsi, Erik Qarsiya, Jerar Martin, Ronald Arauxo və Andreas Kristensen. Laporte transfer olunsa, bu oyunçulardan biri satışa çıxarıla bilər.

İspaniya millisinin 2026-cı il dünya çempionu olmasında əsas rollardan birini oynayan “Atletik” müdafiəçisi turnirdə Pau Kubarsi ilə birlikdə güclü mərkəz müdafiə dueti yaradıb.

Laporte ötən il “Əl-Nəsr”dən 10 milyon avro qarşılığında “Atletik”ə qayıdıb. O, 2012-2018-ci illərdə Bilbao klubunun əsas komandasında çıxış edib, daha sonra “Mançester Siti”yə 65 milyon avroya transfer olunub. Pep Qvardiolanın rəhbərliyi altında 4,5 mövsüm oynayan müdafiəçi 2023-cü ildə 27,5 milyon avroya “Əl-Nəsr”ə keçmişdi.

İdman.Biz