"Mançester Siti"nin yeni transferi, yarımmüdafiəçi Elliot Anderson yeni klubu barədə fikirlərini bölüşüb.
İdman.Biz "Telegraph" nəşrinə istinadən xəbər verir ki, Anderson "Mançester Siti"ni qalib ruhlu kollektiv sayıb və məhz belə bir komandada çıxış etmək istədiyini bildirib:
“Məncə, bu, qaliblərdən ibarət komandadır. Onlar amansızdırlar və mən də məhz çempionlar, kuboklar qazanan futbolçuların arasında oynamaq istəyirəm. Son 10-12 ildə futbola hökmranlıq ediblər. Elə buna görə də bura keçmək istədim. Bu, kuboklar qazanmaq və ən yüksək səviyyədə çıxış etmək üçün qurulmuş klubdur. Bu isə istənilən futbolçu üçün çox cəlbedicidir. "Siti" dünyanın ən böyük klublarından biridir. Heyətdə hər mövqedə çox güclü futbolçular var”.
Yarımmüdafiəçi transfer qərarını da belə izah edib:
“Onların məni heyətdə görmək istədiyini öyrənən kimi bu keçidi reallaşdırmağa qərarlı idim. Futbolçu olaraq hər zaman özünü ən yüksək səviyyədə sınamaq istəyirsən və "Mançester Siti"yə keçidlə bu imkanı əldə etdim. Kənardan görünür ki, klub futbolçularına yüksək dəyər verir və onların potensialını tam üzə çıxarması üçün ideal şərait yaradır. Son 10-15 ildə qazandıqları uğurlar və nümayiş etdirdikləri futbol həqiqətən möhtəşəmdir. Bu layihənin bir hissəsi olmaq şansı əldə etdiyim üçün böyük qürur hissi keçirirəm”.
İngilis futbolçu "Nottingem Forest"dən Mançester təmsilçisinin sıralarına qoşulub.
Qeyd edək ki, Anderson ötən mövsüm İngiltərə Premyer Liqasında 38 oyunda meydana çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
