Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşmaqda davam edir.
İdman.Biz xəbər verir ki, Azərbaycan Premyer Liqası təmsilçilərinin avrokuboklardakı çıxışlarından sonra ölkənin 2026/2027-ci illər mövsümü üzrə əmsalı 1,875, ümumi reytinq göstəricisi isə 20,437 xala yüksəlib.
Cari mövsümdə Azərbaycanın aktivinə ilk təsnifat mərhələsində “Sabah”, “Qarabağ” və “Zirə”nin mərhələ adlaması mühüm töhfə verib. “Sabah” UEFA Çempionlar Liqasında Uelsin TNS klubunu (2:0, 2:1), “Qarabağ” UEFA Avropa Liqasında İslandiyanın “Vestri” komandasını (3:0, 3:0), “Zirə” isə UEFA Konfrans Liqasında Gürcüstanın “Torpedo” klubunu (3:0, 3:0) mübarizədən kənarlaşdırıb.
Daha sonra “Sabah” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “KuPS” klubunu 1:0 hesabı ilə məğlub edərək ölkənin əmsalına əlavə 0,250 xal qazandırıb. “Neftçi”nin UEFA Konfrans Liqasında Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə məğlub olması isə reytinqə təsir göstərməyib.
Son oyunlarda “Qarabağ” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk görüşündə Bolqarıstanın “CSKA Sofia” klubu ilə qolsuz heç-heçə edərək Azərbaycanın hesabına daha 0,125 xal yazdırıb. Eyni gündə “Zirə”nin UEFA Konfrans Liqasında Estoniyanın “Payde” klubuna səfərdə 0:1 hesabı ilə uduzması ölkənin reytinqdəki mövqeyini dəyişməyib.
Hazırda Azərbaycan 20,437 xalla 26-cı pillədə qərarlaşıb. 25-ci sırada olan İsrailin 21,500, 27-ci pillədə yer alan Bolqarıstanın isə 18,562 xalı var.
Qeyd edək ki, UEFA ölkələr reytinqinə 101,852 xalla İngiltərə başçılıq edir.
