Joni Montiel: “Bu xəbərlər ailəmə pis təsir etdi” - MÜSAHİBƏ

24 İyul 2026 09:38
93
Joni Montiel: “Bu xəbərlər ailəmə pis təsir etdi” - MÜSAHİBƏ

“Bu müddət ərzində çoxlu xəbərlər yayıldı”.

Bunu “Qarabağ”ın futbolçusu Joni Montiel Bolqarıstan təmsilçisi “CSKA Sofia” ilə qolsuz heç-heçə etdikləri UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunundan sonra sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyun haqqında nə deyə bilərsiniz?

– Çətin oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də alındı. Rəqib güclü komanda idi. Düşünürəm ki, ikinci hissədə daha yaxşı oyun sərgilədik. Hər şey cavab matçında həll olunacaq.

– “CSKA Sofia” gözlədiyinizdən daha yaxşı təsir bağışladı? Cavab görüşündən gözləntiniz nədir?

– Bu mərhələdəki hər bir kollektiv güclüdür. Bu da onun göstəricisidir. Rəqib öz liqasında yaxşı çıxış edib və Avropa Liqasına vəsiqə qazanıb. Güclü komandadır. Hər şey cavab qarşılaşmasında həll ediləcək. Bizdən də çox şey asılı olacaq.

– Siz meydana çıxanda azarkeşlər sizi alqışladı. Bunu gözləyirdiniz?

– Xeyr. Azarkeşlərin bu münasibəti mənim üçün gözlənilməz oldu. Burada olduğum müddətdə mənə və ailəmə isti münasibət göstəriblər. Burada çox xoşbəxtəm. Komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm.

– İştirak ərizəsinə son anda salındınız. Bunu gözləyirdiniz?

– Bu müddət ərzində çoxlu xəbərlər yayıldı. Bunlar həqiqət deyil. Nizam-intizamı xüsusi vurğulayırdılar. Guya nizam-intizama əməl etmədiyim üçün heyətdən kənarlaşdırılmışam. Belə xəbərlərin yayılması mənə və ailəmə çox pis təsir edir. İndiyədək çıxış etdiyim klublarda intizamla bağlı heç bir problem yaşamamışam. Sadəcə, məşqçinin qərarlarına hörmətlə yanaşmalıyıq. Heyətdə çoxlu futbolçu var. Hamısı özünü göstərməyə çalışır. Son qərar məşqçiyə aiddir.

– Sizcə, ötən mövsümkü performansınızı göstərə bilirsiniz?

– Hazırda fiziki durumumu yaxşılaşdırıram. Çünki ötən mövsümün sonunda zədələndim və əməliyyat olundum. Bu səbəbdən mövsümün əvvəlindən komandaya qoşula bilməmişdim. Formada olmaq üçün davamlı oynamaq önəmlidir.

– Heyətə yeni futbolçular cəlb olunub. Öz yerinizi itirməklə bağlı narahatlığınız var?

– Çox oyunçunun gəlməsi klubun xeyrinədir. Komandada rəqabətin artması yaxşı haldır. Bizim işimiz məşqlərdə var gücümüzlə çalışmaq və məşqçinin işini çətinə salmaqdır. O, heyətlə bağlı düşünməli və qərar verməlidir.

İdman.Biz