Abdullah Zubir: “Qarabağ” inamlı təsir bağışladı”

24 İyul 2026 11:08
86
Abdullah Zubir: “Qarabağ” inamlı təsir bağışladı”

“Avropa Liqası fərqli turnirdir, burada hər oyunun öz spesifikası var. Daha çox çalışmalı və növbəti mərhələyə yüksəlmək üçün səfərdə qələbə qazanmalıyıq”.

Bunu “Qarabağ”ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakıda “CSKA Sofia” ilə qolsuz bərabərliklə başa çatan ilk oyunu dəyərləndirərkən deyib.

34 yaşlı futbolçu qarşılaşmanın çətin keçdiyini bildirib.

“Bu gün qalib gəlmək bizim üçün çox vacib idi. Çox yaxşı rəqibə qarşı çətin oyun geridə qaldı. Qol imkanlarından yararlanmaq bir qədər çətin oldu. Lakin ümumilikdə komandamız çox inamlı təsir bağışladı. Qarşıda bizi daha bir vacib görüş gözləyir. Səfərdəki matça yaxşı hazırlaşmalı və oradan qələbə ilə dönməliyik. Asan olmayacaq, amma bunu bacarmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

Zubir cavab oyununa maksimum motivasiya ilə hazırlaşdıqlarını da vurğulayıb:

“İndi bütün diqqətimizi səfər matçına yönəltmişik. Bu, turnirdə ikinci səfər oyunumuz olacaq. Düşünürəm ki, azarkeşlər üçün maraqlı və baxımlı mübarizə alınacaq, çünki hər iki komanda keyfiyyətlidir. Daha yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq. Bu, bizim əsas hədəfimizdir və həmişə belə olub. Səfər matçının necə keçəcəyini indidən demək çox tezdir. Ancaq bizi həqiqətən də ağır və gərgin 90 dəqiqənin gözlədiyini dəqiq bilirik.”

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

İdman.Biz