Əfsanəvi ingiltərəli futbolçu Pol Skoulz 2026-cı il dünya çempionatının finalından sonra Argentina millisinin davranışını kəskin tənqid edib.
İdman.Biz xəbər verir ki, "Mançester Yunayted"in əfsanəsi Pol Skoulz keçmiş komanda yoldaşı Nikki Battla söhbətində Argentina millisinin mundialdakı çıxışına münasibət bildirib.
Skoulzun fikrincə Lionel Messi istisna olmaqla, Argentina millisi futbol ictimaiyyətində böyük rəğbət qazanmır:
“Argentinanı yalnız argentinalılar dəstəkləyirdi. Messini həmin komandadan çıxarsanız, bu, tarixin ən çox nifrət edilən millisi olar. Onlar daim idman etikası ilə uzlaşmayan üsullara əl atırlar”.
Keçmiş yarımmüdafiəçi finaldakı davranışa da toxunaraq vurğulayıb ki, argentinalı futbolçuların aqressiv oyunu heç bir hadisəyə cavab deyildi və bu, matçın ilk dəqiqələrindən başlayıb. Onun fikrincə, hakim vəziyyəti daha yaxşı idarə etməli idi.
Skoulz oyundan sonra Nahuel Molinanın Rodriyə zərbə endirməsini də sərt tənqid edib:
“O qaçaraq gəldi və birbaşa qabırğasına zərbə vurdu. Bunu necə etmək olar? Mən də karyeram ərzində bir neçə dəfə qırmızı vərəqə almışam. Amma bu, məğlubiyyətə görə olmurdu. Kimsə mənə kobudluq edirdi, mən də emosiyalara qapılıb reaksiya verirdim”.
Skoulz eyni zamanda İspaniya millisinin futbolçularının insidenti sakit şəkildə idarə etməsini yüksək qiymətləndirib:
“Düşünürəm ki, İspaniya futbolçularını alqışlamaq lazımdır. Onlar vəziyyəti böyütmədilər və sadəcə yol verdilər”.
Sonda isə Skoulz Lionel Messiyə olan rəğbətini bir daha dilə gətirib:
“Mən Messini çox sevirəm. Ona görə də onu belə futbolçuların əhatəsində görmək xoşuma gəlmir”.
2026-cı il dünya çempionatında Argentina finala yüksələrək son dörd mundialda üçüncü dəfə həlledici oyunda iştirak etdi. Lakin Lionel Skaloninin rəhbərlik etdiyi komanda finalda İspaniyaya məğlub oldu.
Son illərdə qazandığı uğurlara baxmayaraq, argentinalı futbolçuların məğlubiyyəti qəbul edə bilməməsi və sosial şəbəkələrdə yaranan davamlı mübahisələr komandanın ictimai imicinə mənfi təsir göstərib.
