İspaniyanın "Real Madrid" futbol klubu 2026/27 mövsümündə istifadə edəcəyi ikinci oyun formasını rəsmi olaraq ictimaiyyətə təqdim edib.
İdman.Biz "AS" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi bu dəfə tünd yaşıl rəngə üstünlük verib.
Klubun yeni səfər forması tünd yaşıl rəngdə hazırlanıb, klub emblemi, sponsor loqoları və digər detallar isə ağ rəngdə işlənib.
Klubdan verilən açıqlamada deyilir ki, forma əvvəllər istifadə olunmuş rəng kombinasiyasının müasir üslubda yenidən işlənmiş versiyasıdır.
Yeni forma sadə görünüşlə kifayətlənmir. Onun üzərində klubun baş hərflərindən ibarət incə həndəsi naxışlar yer alıb. Boğaz hissəsi isə açıq ağ çalarlarla tamamlanıb.
Bundan əlavə, formada “Adidas”-ın klassik "Trefoil" loqosundan istifadə olunub. Bu seçim həm futbol irsinə, həm də gündəlik geyim üslubuna istinad kimi qiymətləndirilir.
"Real Madrid" tarixində yaşıl rəng ilk dəfə istifadə olunmur. Klub 1965-ci ildə Cənubi Amerika turu çərçivəsində Venesuelanın Karakas şəhərində "River Pleyt"ə qarşı keçirilən yoldaşlıq görüşündə yaşıl forma geyinmişdi. Həmin qarşılaşmada hər iki komandanın əsas formaları oxşar olduğu üçün madridlilər yaşıl rəngli ehtiyat formalardan istifadə etmişdilər. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.
Daha sonra 2012/13 mövsümündə də ”Adidas” "Real Madrid"in üçüncü formasını yaşıl rəngdə hazırlamışdı. Bu dəfə isə yaşıl rəng ikinci forma kimi geri qayıdıb.
Yeni forma artıq klubun və “Adidas”-ın rəsmi mağazalarında satışa təqdim olunub. Böyüklər üçün ən münasib qiymət 100 avrodan başlayır.
Formanın təqdimat kampaniyasında Kilian Mbappe, Cud Bellinqem və Vinisius Junior əsas simalar olub. Reklam çəkilişlərində həmçinin Federiko Valverde, Arda Gülər, Orelyen Çuameni, Brahim Dias, Antonio Rüdiger, eləcə də qadın komandasının futbolçuları Atenea və Linda Kaysedo da yer alıblar.

