Londonun "Arsenal" futbol klubu yay transfer pəncərəsində mərkəz müdafiəsini gücləndirməyi planlaşdırır.
İdman.Biz "Sky Sports"a istinadən xəbər verir ki, buna səbəb Uilyam Salibanın uzun müddət komandaya kömək edə bilməyəcəyinin dəqiqləşməsidir. Fransa millisinin heyətində 2026-cı il dünya çempionatının yarımfinalında İspaniyaya qarşı oyunda belindən zədələnən müdafiəçini uzun bərpa prosesi gözləyir.
"Arsenal"ın əsas namizədləri azad agent statusunda olan Con Stounz və "Aston Villa"nın futbolçusu Ezri Konsadır.
"Mançester Siti" ilə müqaviləsi başa çatan Stounz hazırda klubsuzdur. Təcrübəli müdafiəçi ilə "Çelsi"nin də maraqlandığı bildirilir. O, əvvəllər "Mançester Siti"də Mikel Arteta ilə birlikdə çalışıb. Arteta Pep Qvardiolanın köməkçisi olduğu dövrdə Stounz komandanın üzvü idi.
"Arsenal"ın digər hədəfi isə "Aston Villa"nın müdafiəçisi Ezri Konsadır. 28 yaşlı futbolçunun klubu ilə müqaviləsi daha iki il qüvvədədir.
Həm Stounz, həm də Konsa mərkəz müdafiəçisi olmaqla yanaşı, sağ cinah müdafiəsində də oynaya bilir. Bu xüsusiyyət onların transferini London təmsilçisi üçün daha cəlbedici edir.
"Arsenal" artıq ötən mövsüm icarə əsasında komandada çıxış edən Piero Hinkapienin transferini "Bayer Leverkuzen"dən tam rəsmiləşdirib.
Hazırda komandanın mərkəz müdafiəsində Qabriel, Rikkardo Kalafiori, Kristhian Moskera, Yurrien Timber və Ben Uayt da yer alır. Diz zədəsindən sonra Ben Uayt məşqlərə qayıdıb. Qasıq nahiyəsindən zədə alan Yurrien Timber isə bərpasını davam etdirir və yaxın vaxtlarda komandaya qoşulması gözlənilir.
