Bolqarıstanın idman mətbuatı UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”la “CSKA Sofia” arasında keçiriləcək oyunları fəal şəkildə işıqlandırmaqda davam edir.
İdman.Biz xəbər verir ki, diqqət mərkəzində olan məqamlardan biri Bolqarıstan millisinin sabiq futbolçusu Simeon Slavçevin Ağdam klubunun imkanları barədə səsləndirdiyi fikirlər olub.
Qeyd edək ki, Slavçev 2018-ci ilin iyulundan 2019-cu ilin dekabrınadək “Qarabağ”ın formasını geyinib və komandanın heyətində 2018/19 mövsümündə Azərbaycan çempionu olub. Bakıda keçirdiyi dövr ərzində yarımmüdafiəçi təkcə Qurban Qurbanovun tələbləri ilə deyil, həm də klubun ümumi iş prinsipləri ilə yaxından tanış olub.
“Qarabağ” mükəmməl işləyən bir mexanizmdir. Komandanın dəqiq formalaşmış oyun üslubu var və bu, müəyyən mənada “Mançester Siti”, “Sportinq” və “Benfika”nı xatırladır. Hər bir futbolçu meydanda nə etməli olduğunu dəqiq bilir", – deyə Slavçev “Domıt na futbola” verilişində bildirib.
Bolqar futbolçunun sözlərinə görə, “Qarabağ”ın ən mühüm xüsusiyyəti oyun fəlsəfəsinin dəyişməz qalmasıdır. Komandanın heyəti mütəmadi yenilənsə də, yeni transferlər məşqçilər korpusunun tələblərinə qısa müddətdə uyğunlaşır və vahid mexanizmin bir hissəsinə çevrilirlər.
“Meydana kimin çıxmasının fərqi yoxdur. Oyun ideyası dəyişmir. Komanda topa sahib olmaq, oyuna nəzarət etmək və rəqibə öz futbolunu qəbul etdirmək istəyir. Hətta özündən güclü klublara qarşı da "Qarabağ" oyun üslubundan imtina etmir”, – deyə o vurğulayıb.
Slavçev hesab edir ki, Ağdam klubunun sabit uğurlarının əsas səbəbi Qurban Qurbanovun uzun illər ərzində gördüyü işdir. Onun fikrincə, baş məşqçi Avropa futbolundakı yenilikləri daim izləyir və müasir taktiki ideyaları komandaya tətbiq etməyə çalışır.
“Orada hər şey bir neçə addım öncədən planlaşdırılır. Məşqçilər korpusu daim inkişaf edir, yeni tendensiyaları öyrənir və hansı futbolu görmək istədiyini dəqiq bilir. Buna görə də "Qarabağ" hər il yüksək səviyyəsini qoruyur və avrokuboklarda uğurla çıxış edir”, – deyə Ağdam klubunun sabiq yarımmüdafiəçisi əlavə edib.
Bununla yanaşı, Slavçev “CSKA Sofia”nın yararlana biləcəyi məqamlara da toxunub. O bildirib ki, “Qarabağ”ın cinah müdafiəçiləri tez-tez hücumlara qoşulduqları üçün onların arxasında bəzən boş zonalar yaranır. Bolqarıstan təmsilçisi pressinqdən sürətlə çıxmalı və hücumçularının sürətindən maksimum istifadə etməlidir.
"Top itirilən kimi "Qarabağ" dərhal onu geri qaytarmağa çalışır. İlk dörd-beş saniyə həlledici əhəmiyyət daşıyır. Əgər “CSKA Sofia” bu pressinqi yarmağı bacarsa, əks-hücumlar üçün yaxşı imkanlar əldə edə bilər", – deyə Slavçev bildirib.
O, eyni zamanda xəbərdarlıq edib ki, “Qarabağ”la açıq futbol oynamağa cəhd etmək riskli ola bilər. Onun fikrincə, Azərbaycan çempionu avrokuboklarda daha böyük təcrübəyə malikdir və bu səviyyəli qarşılaşmalara daha yaxşı hazırdır.
"Əgər “CSKA Sofia” topa nəzarətdə “Qarabağ”la yarışmağa və açıq futbolda onunla bərabər mübarizə aparmağa çalışsa, çox çətinlik çəkəcək. Azərbaycan komandası belə oyunlara öyrəşib və təzyiq altında necə davranacağını yaxşı bilir", – deyə Bolqarıstan millisinin sabiq futbolçusu qeyd edib.
Slavçev hesab edir ki, cavab görüşü öncəsi qolsuz heç-heçə Sofiya klubu üçün əla nəticə olardı. Bununla belə, onun fikrincə, "Qarabağ" artıq Bakıda iki oyunun yekununa görə üstünlük qazanmağa çalışacaq.
Bu arada, Bolqarıstan KİV-i qarşıdurmanı birbaşa Azərbaycan paytaxtından da işıqlandırır. Dsport-un müxbiri Kristian İvanov “CSKA Sofia”nın nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib və uçuş, şəhər və oyunöncəsi ab-hava barədə silsilə reportajlar hazırlayıb.
Nəşr materiallarından birini komandanı Azərbaycana gətirən təyyarəyə həsr edərək onu “uçan qala” adlandırıb. Jurnalistlər futbolçuların Bakıya gəlişini, şəhərdən ilk görüntüləri və komandanın yerli azarkeşlərlə görüşünü nümayiş etdiriblər.
Digər reportajda isə Dsport Bakını “eyni anda həm Avropada, həm Asiyada, həm qədimdə, həm də müasir dövrdə yerləşən odlar və küləklər şəhəri” kimi təqdim edib. Bolqar müxbir İçərişəhər, Alov qüllələri, Heydər Əliyev Mərkəzi və Dənizkənarı Bulvar barədə məlumat verib, tarixi memarlıqla müasir tikililərin vəhdətini xüsusi qeyd edib.
Jurnalistlərin diqqətini Azərbaycan paytaxtındakı isti hava da cəlb edib. Bolqar reportyorlar bildirirlər ki, hava şəraiti, xüsusilə də “Qarabağ”ın üstünlük verdiyi intensiv futbol və yüksək pressinq fonunda qonaq komanda üçün əlavə sınağa çevrilə bilər.
Dsport ayrıca bir materialını Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün vəziyyətinə həsr edib. Müxbir meydançanı "kompromis variant" adlandıraraq otun qeyri-bərabər biçilməsinə və örtükdə nəzərə çarpan problemli sahələrə diqqət çəkib. Bununla belə, Bolqarıstan nəşri vurğulayıb ki, hər iki komanda eyni şəraitdə mübarizə aparacaq.
Ümumilikdə, Bolqarıstan mətbuatı qarşıdurmada “Qarabağ”ı favorit hesab edir. Ağdam klubunun əsas üstünlükləri kimi komandanın oturuşmuş oyunu, sabit futbol fəlsəfəsi, Qurban Qurbanovun uzunillik fəaliyyəti və avrokuboklarda xeyli böyük təcrübəsi göstərilir. “CSKA Sofia”nın şansları isə əsasən sürətli əks-hücumlar, intizamlı oyun və meydan sahiblərinin müdafiəçilərinin arxasında yaranan boş zonalardan istifadə bacarığı ilə əlaqələndirilir.
Xatırladaq ki, ilk oyun bu gün - iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 30-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda baş tutacaq.
