Türkiyədə yay transfer pəncərəsi artıq Avropa səviyyəli bir neçə səs-küylü keçidlə yadda qalıb. Top liqalarda çıxış edən, Çempionlar Liqası və milli komanda təcrübəsinə malik futbolçular Superliqaya üz tutublar. “Fənərbağça”, “Beşiktaş”, “Qalatasaray” və “Trabzonspor” arasında rəqabət isə getdikcə futbol meydanının sərhədlərini aşır.
İdman.Biz xəbər verir ki, hazırkı transfer kampaniyası Türkiyə çempionatının səviyyəsini artıq nəzərəçarpacaq dərəcədə yüksəldib. Bununla yanaşı, transfer pəncərəsinin bağlanmasına hələ kifayət qədər vaxt var. Bu isə qarşıda yeni səs-küylü keçidlərin də baş verə biləcəyini göstərir.
İdman.Biz-in futbolçuların transfer dəyəri, oyun səviyyəsi, taktiki əhəmiyyəti və çempionluq mübarizəsinə mümkün təsiri baxımından yay fasiləsinin ən diqqətçəkən 10 transferini təhlil edib.
1. Meyson Qrinvud: “Marsel” → “Fənərbağça”
Transfer məbləği: 39 milyon avro
Bu, hələlik Türkiyədə yay transfer pəncərəsinin həm dəyərinə, həm də çempionluq mübarizəsinə mümkün təsirinə görə ən böyük transferidir.
“Fənərbağça” “Marse”ə 39 milyon avronu üç bərabər hissə ilə ödəyəcək. 24 yaşlı hücumçu Fransa çempionatında keçirdiyi iki mövsüm ərzində 66 matçda 37 qol vurub.
Qrinvud sağ cinahda, hücumun mərkəzində və ikinci hücumçu mövqeyində çıxış edə bilir. Lakin o, cinahdan mərkəzə doğru irəliləyərək sol ayağı ilə zərbə endirdikdə daha təhlükəli görünür.
İngiltərəli futbolçunun əsas üstünlüyü qol epizodlarını müstəqil yaratmaq bacarığıdır. Onun topu mütləq ideal mövqedə qəbul etməsinə ehtiyac yoxdur. O, rəqibini keçə, hücumu sürətləndirə və ya cərimə meydançası kənarından təhlükəli zərbə endirə bilir.
Bu, “Fənərbağça” üçün bütün hücum modelinin üzərində qurula biləcəyi lider transferidir. Lakin eyni zamanda, bu keçid müəyyən risklər də daşıyır. Yüksək transfer haqqı, böyük maaş və qaçılmaz təzyiq Qrinvuddan ilk matçlardan etibarən nəticə gözləniləcəyini göstərir.
İdman.Biz-in nəticəsi: Yayın ən güclü və eyni zamanda ən riskli transferi.
2. Leandro Trossard: “Arsenal” → “Beşiktaş”
Transfer məbləği: 18 milyon avro
“Beşiktaş” karyerasını başa vurmağa gələn keçmiş ulduzu deyil, İngiltərə çempionu “Arsenal”ın əsas heyət üzvlərindən birini transfer edib.
Trossard London klubunun heyətində 174 oyuna çıxıb və 36 qol vurub. Belçikalı futbolçu Premyer Liqanın son mövsümündə 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Arsenal"ın 22 ildən sonra ilk dəfə İngiltərə çempionu olmasına mühüm töhfə verib.
Müqavilə daha bir il uzadılmaq şərti ilə üç mövsümlük imzalanıb.Trossard ilk növbədə universallığı ilə seçilir. O, hər iki cinahda, hücumçunun arxasında və “yalançı doqquz” mövqeyində oynaya bilir. Belçikalı boş zonaları yaxşı hiss edir, qərarları sürətlə qəbul edir və komandanın yalnız onun üzərində qurulmasını tələb etmir.
Nəhənglərin tez-tez sıx müdafiəni yarmağa məcbur qaldığı Superliqada Trossardın xətlər arasındakı hərəkəti onun sürətindən və fərdi driblinqindən belə daha vacib rol oynaya bilər.
İdman.Biz-in nəticəsi: Uyğunlaşma riski ən aşağı olan ən ağıllı transfer.
3. Natan Ake: “Mançester Siti” → “Fənərbağça”
Ehtimal olunan transfer məbləği: Bonuslarla birlikdə təxminən 8–10 milyon avro
Ake ad baxımından Qrinvud qədər səs-küylü olmasa da, taktiki əhəmiyyətinə görə ondan geri qalmaya bilər.
Niderlandlı futbolçu Pep Qvardiolanın oyun məktəbindən keçib. O, müdafiə xəttini irəli quran, topa nəzarət edən və müdafiəçilərini tez-tez rəqibin sürətli hücumçuları ilə təkbətək vəziyyətdə qoyan komandada oynamağa öyrəşib.
Ake həm müdafiənin mərkəzində, həm də sol cinahında çıxış edə bilir. Onun transferi “Fənərbağça”ya qısa ötürmələrlə hücumlara daha inamla başlamağa və cinah müdafiəçilərini hücumlara daha cəsarətlə qoşmağa imkan verəcək.
Lakin futbolçunun fiziki durumu ilə bağlı müəyyən suallar qalır. Son illərdə Ake zədələr səbəbindən tam mövsümü problemsiz keçirməkdə çətinlik çəkib.
Niderlandlı müdafiəçi sağlam qalacağı təqdirdə Türkiyə çempionatının orta səviyyəsini xeyli üstələyən futbolçulardan birinə çevrilə bilər.
İdman.Biz-in nəticəsi: Müəyyən zədə risklərinə baxmayaraq, potensial olaraq Superliqanın ən yaxşı müdafiəçisi.
4. Vedat Muriqi: “Malyorka” → “Fənərbağça”
Ehtimal olunan transfer məbləği: Təxminən 15 milyon avro
Muriqinin geri qayıdışı sadəcə nostalji xarakteri daşımır. Kosovolu hücumçu karyerasının ən uğurlu mövsümündən sonra İstanbula dönür.
O, ötən mövsüm La Liqada 23 qol vuraraq Kilian Mbappedən sonra çempionatın ikinci bombardiri olub. Muriqi “Malyorka”nı 57 qolla klub tarixinin ən sərrast futbolçusu kimi tərk edib.
Onun üstün cəhətləri Türkiyə futboluna yaxşı məlumdur: hava mübarizələri, korpusla oyun, mərkəz müdafiəçilərinə təzyiq və cinah ötürmələrini dəqiq tamamlaması.
Lakin indiki Muriqi daha da təkmilləşmiş futbolçudur. O, İspaniyada müdafiəçilər arasında daha düzgün mövqe seçməyi və topsuz oyunda daha faydalı olmağı öyrənib.
Muriqi ilə Qrinvudun tandemi xüsusilə təhlükəli görünür. Kosovolu hücumçu mərkəz müdafiəçilərini özünə cəlb etməklə Qrinvudun cinahdan mərkəzə daxil olması üçün boş zonalar yarada bilər.
Əsas sual onun yaşı ilə bağlıdır. Hücumçunun artıq 32 yaşı var və gələcəkdə yüksək məbləğə satılması real görünmür. "Fənərbağça" bu transferlə gələcəyə yatırım etmir, komandaya hazırda lazım olan qolları əldə edir.
İdman.Biz-in nəticəsi: Dərhal nəticə və çempionluq məqsədi daşıyan transfer.
5. Aleksander Nübel: “Bavariya” → “Beşiktaş”
Transfer məbləği: Təxminən 6,5 milyon avro və bonuslar
Nübel uzun illər Manuel Noyerin potensial varisi hesab edilsə də, “Bavariya”nın əsas heyətində möhkəmlənə bilməyib. O, müqavilə müddətinin böyük hissəsini “Monako” və “Ştutqart”da icarə əsasında keçirib.
29 yaşlı qapıçı “Beşiktaş”la 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. O, Bundesliqa, Çempionlar Liqası və Almaniya millisində çıxış təcrübəsinə malikdir.
Bu transfer “Beşiktaş” üçün sadəcə qapıçı dəyişikliyi deyil. Nübel ayaqla inamlı oynayır və hücumların qurulmasına qoşula bilir. Bu xüsusiyyət komandanın yüksək pressinqdən daha rahat çıxmasına kömək edəcək.
Bununla belə, o, matçları təkbaşına həll edən qapıçılar sırasında deyil. Nübelin effektivliyi qarşısındakı müdafiə xəttinin təşkilindən birbaşa asılı olacaq.
İDMAN.BİZ-in nəticəsi Komandanın yenidən qurulması baxımından fundamental transfer.
6. Lesli Uqoçukvu: “Börnli” → “Qalatasaray”
Rəqiblərinin səs-küylü transferləri fonunda Türkiyə çempionunun fəaliyyəti hələlik daha təmkinli görünür. Lakin Uqoçukvunun transferi “Qalatasaray”ın strategiyasını kifayət qədər aydın göstərir.
22 yaşlı fransalı yarımmüdafiəçi “Börnli”dən satınalma hüququ ilə icarəyə götürülüb. Müqavilə sonradan alındığı təqdirdə transferin ümumi dəyəri kifayət qədər yüksək ola bilər. Bununla belə, ilkin mərhələdə İstanbul klubunun maliyyə riskləri minimumdur.
Uqoçukvu fiziki cəhətdən güclü, hündürboylu və hərəkətli mərkəz yarımmüdafiəçisidir. O, rəqib hücumlarını dağıtmağa, komanda yoldaşlarını sığortalamağa, uzun addımları və fiziki gücü hesabına topu irəli aparmağa qadirdir.
İngiltərədə ona hər zaman sabitlik və təzyiq altında düzgün qərar vermək bacarığı çatmayıb. Lakin Türkiyə çempionatında onun fiziki üstünlüyü daha qabarıq şəkildə özünü göstərə bilər.
Bu, hazır superulduz deyil, inkişaf potensialına malik futbolçuya qoyulan sərmayədir. Klub sonradan onun transfer hüquqlarını ala və ya ciddi maliyyə itkisi olmadan futbolçudan imtina edə bilər.
İdman.Biz-in nəticəsi: Ən perspektivli, lakin nəticəsinə hələlik ən az zəmanət verilən transfer.
7. Salih Özcan: Dortmund “Borussiya”sı → “Beşiktaş”
Transfer statusu: Azad agent
Bu, qiymət və keyfiyyət nisbəti baxımından yay transfer pəncərəsinin ən sərfəli keçidlərindən biri ola bilər.
Türkiyə millisinin 28 yaşlı yarımmüdafiəçisi Dortmund "Borussiya"sı ilə müqaviləsinin müddəti başa çatdıqdan sonra “Beşiktaş”a keçib və “3+1” sistemi üzrə müqavilə imzalayıb.
Bu, onun karyerasında Almaniyadan kənardakı ilk klub olacaq.
Özcanın qol və məhsuldar ötürmə statistikası diqqətçəkən deyil. Lakin o, meydanda balans yaratmağı bacaran futbolçudur. Yarımmüdafiəçi top almaqda aqressivdir, mövqe seçimində intizamlıdır və Bundesliqanın yüksək tempinə alışıb.
Türkiyə klublarının ulduzlarla zəngin heyətlərində çox vaxt məhz belə oyunçular çatışmır. Daim top tələb etməyən, boş zonaları bağlayan və hücumameyilli komanda yoldaşlarının müdafiə yükünü azaldan futbolçular.
Özcanın Türkiyə pasportuna malik olması da əlavə üstünlükdür. Bu amil heyətin qeydiyyatı qaydaları nəzərə alındıqda xüsusi əhəmiyyət kəsb edir.
İdman.Biz-in hökmü: “Beşiktaş”ın ən rasional transferi.
8. Ruslan Malinovski: “Cenoa” → “Trabzonspor”
Transfer statusu: Azad agent
“Trabzonspor” transfer haqqı ödəmədən təcrübəli və yaradıcı yarımmüdafiəçini heyətinə qatıb.
33 yaşlı ukraynalı futbolçu “Cenoa”dan ayrıldıqdan sonra üçillik müqavilə imzalayıb. Onun illik maaşı təxminən 1,5 milyon avro olacaq. Müqavilədə imza bonusu da nəzərdə tutulub.
Malinovski uzaq məsafədən güclü zərbələri, standart vəziyyətlərdə ustalığı və xətlər arasına dəqiq ötürmələri ilə tanınır.
Tez-tez mövqeli hücumlar qurmalı olan komanda üçün belə futbolçu, hətta rəqib oyuna tam nəzarət etdiyi görünən anlarda belə, qol təhlükəsi yarada bilər.
Risklər isə aydındır: yaş, zədələr və fiziki intensivliyin azalması. Malinovski artıq əvvəlki kimi davamlı pressinq edə və geniş əraziləri bağlaya bilmir.
Lakin ondan düzgün istifadə olunarsa, xüsusilə ev oyunlarında dərin müdafiə olunan rəqiblərə qarşı yenə də faydalı ola bilər.
İdman.Biz-in nəticəsi: Fiziki imkanları əvvəlki səviyyədə olmasa da, qısamüddətli perspektiv üçün keyfiyyətli transfer.
9. Ernest Muçi: “Beşiktaş” → “Trabzonspor”
Transfer statusu: İcarədən sonra transfer hüququnun alınması
Formal olaraq Muçi “Trabzonspor” üçün yeni futbolçu deyil. O, artıq komandada icarə əsasında çıxış edib. Lakin klub onun transfer hüquqlarını “Beşiktaş”dan alaraq bu keçidi tamhüquqlu transferə çevirib.
Albaniyalı futbolçu həm hücumçunun arxasında, həm də sol cinahda oynaya bilir. O, mərkəzə doğru hərəkət etməyi və uzaq məsafədən zərbələr vurmağı sevir.
Muçinin əsas üstünlüyü oyunu gözlənilmədən kəskinləşdirmək bacarığıdır. Əsas çatışmazlığı isə qeyri-sabit çıxış etməsidir.
Onun transfer hüquqlarının alınması göstərir ki, məşqçilər heyəti Muçini epizodik futbolçu kimi deyil, hücum xəttinin əsas simalarından biri kimi görür.
Muçi və Malinovskinin tandemi “Trabzonspor”a uzaq məsafədən təhlükə yarada bilən iki yaradıcı futbolçu qazandıra bilər. Bununla yanaşı, komandanın onların topsuz oyundakı nisbətən aşağı fəallığını kompensasiya edəcək hərəkətli futbolçulara ehtiyacı olacaq.
İdman.Biz-in nəticəsi: Məntiqli transferdir. Lakin futbolçu artıq bu etimadı sabit oyunu ilə doğrultmalıdır.
10. Kassum Uattara: “Monako” → “Beşiktaş”
Trossard və Nübeldən fərqli olaraq, bu transfer məşhur ad naminə edilməyib. “Beşiktaş” komandaya sürət və cinahda dinamika qazandırmalı olan gənc sol cinah müdafiəçisini heyətinə qatıb.
Uattara sol cinah boyunca bütün zonada oynamağa qadirdir. O, əvvəllər Türkiyə çempionatına gəlmiş bir çox yaşlı müdafiəçidən fərqli olaraq, yüksək tempə daha yaxşı uyğunlaşır.
Bununla belə, o, hələ tam formalaşmış futbolçu deyil. Uattara mövqe intizamını və meydanın son üçdəbirində qərarvermə keyfiyyətini daha da inkişaf etdirməlidir.
Trossard müntəzəm olaraq sol cinahdan mərkəzə daxil olacağı halda, bu transferin əhəmiyyəti daha da artacaq. Belə vəziyyətlərdə cinahın genişliyini təmin etmək və belçikalı futbolçu üçün əlavə boşluqlar yaratmaq məhz Uattaranın üzərinə düşəcək.
İdman.Biz-in nəticəsi: Ən səs-küylü transfer olmasa da, potensial baxımından yay transfer pəncərəsinin ən funksional keçidlərindən biridir.
Ən uğurlu transfer kampaniyasını hansı klub həyata keçirib?
Hazırda ən güclü yeni futbolçular ibarət heyəti “Fənərbağça” formalaşdırıb. Qrinvud, Muriqi və Ake isə komandanın hər üç xəttini əhəmiyyətli dərəcədə gücləndiriblər.
Bu, heyətdə sadəcə nöqtəvi dəyişiklik deyil. Klubun məqsədi komandanın ümumi səviyyəsini ciddi şəkildə yüksəltmək və 2014-cü ildən davam edən çempionluq həsrətinə son qoymaqdır.
“Beşiktaş” isə daha sistemli yanaşma sərgiləyir. Nübel qapı xəttini və hücumların qurulmasını, Özcan yarımmüdafiəni, Trossard hücumun son mərhələsini gücləndirir, Uattara isə sol cinaha sürət və dinamika gətirir.
Burada söhbət sadəcə tanınmış futbolçuların transferindən getmir. Klub yeni komandanın möhkəm təməlini formalaşdırmağa çalışır.
“Trabzonspor” transferlərin sayına görə ən fəal klublardan biridir. Lakin onun strategiyası əsasən azad agentlərə, icarədən sonra transfer hüquqlarının alınmasına və rekord xərc tələb etməyən futbolçulara əsaslanır.
Malinovski və Muçi komandaya keyfiyyət qata bilərlər. Bununla belə, “Trabzonspor”un heyəti hələ də İstanbulun aparıcı klublarının heyətindən geri qalır.
“Qalatasaray” isə hələlik gözləmə mövqeyindədir. Uqoçukvu maraqlı transfer təsiri bağışlasa da, təkcə bir gənc yarımmüdafiəçi ilə hazırkı çempionun transfer kampaniyasını başa çatmış hesab etmək olmaz.
Çox güman ki, klubun ən səs-küylü transferləri hələ qarşıdadır.
Yayın əsas transferlərinin reytinqi
1. Meyson Qrinvud — fərdi keyfiyyətlərinə görə siyahının lideridir.
2. Leandro Trossard — ustalıq və universallığın ən etibarlı vəhdəti.
3. Natan Ake — potensialına görə çempionatın ən güclü müdafiəçilərindən biri ola bilər.
4. Vedat Muriqi — yüksək qol potensialına malikdir, lakin gələcək satış perspektivi yoxdur.
5. Aleksander Nübel — "Beşiktaş"ın yeni oyun sisteminin əsas fiqurlarından biridir.
6. Salih Özcan — qiymət və faydalılıq baxımından ən uğurlu transferlərdən biridir.
7. Lesli Uqoçukvu — böyük potensiala malikdir, lakin nəticə verməsi üçün zamana ehtiyac var.
8. Ruslan Malinovski — yaş amilinə baxmayaraq, ustalığı və təcrübəsi ilə seçilir.
9. Ernest Muçi — komandaya yaxşı bələd olan və sabit çıxışı gözlənilən futbolçudur.
10. Kassum Uattara — inkişaf potensialı yüksək olan funksional transferdir.
Yekun
Transfer pəncərəsinin ilk həftələrinin əsas nəticəsi aydındır: Türkiyə klubları yenidən tanınmış futbolçuları heyətlərinə cəlb edirlər. Lakin bu dəfə transferlərin əksəriyyəti təkcə səs-küy yaratmaq üçün deyil, həm də futbol baxımından məntiqli addımlar təsiri bağışlayır.
“Fənərbağça” qollar və çempionluq ambisiyasına, “Beşiktaş” oyun strukturuna, “Trabzonspor” isə təcrübəyə üstünlük verib. “Qalatasaray” isə hələlik növbəti böyük addımı üçün resurslarını qoruyur.
Türkiyədə transfer yarışı yenicə başlayır. Lakin hazırkı mərhələnin qalibi kimi məhz “Fənərbağça” görünür.
