“Dinamo”nun futbolçusu: “Neftçi” çox güclü komandadır” - MÜSAHİBƏ

23 İyul 2026 12:37
111
“Dinamo”nun futbolçusu: “Neftçi” çox güclü komandadır” - MÜSAHİBƏ

“Hər iki komanda yaxşı oyun nümayiş etdirdi”.

Bunu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən Belarusun “Dinamo” (Minsk) komandasının nigeriyalı futbolçusu Favaz Abdullahi AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Oyunla bağlı ümumi fikirlərinizi bölüşərdiniz...

- Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Keyfiyyətli futbolçulara qarşı çıxış etdik, amma bizim komandamızda yüksəksəviyyəli oyunçular var və yaxşı futbol oynayırıq. İlk 10 dəqiqədə istədiyimiz qədər diqqətli deyildik. Daha sonra oyuna tam kökləndik, mübarizə apardıq. Hesab edirəm ki, maraqlı qarşılaşma alındı.

- Fasilədə baş məşqçi sizə hansı tapşırıqları verdi?

- Fasilədə çox geniş müzakirə olmadı. Baş məşqçi hansı məqamlarda daha yaxşı oynamalı olduğumuzu izah etdi. Meydanda olduğumuz üçün bəzi epizodları tam görə bilmirik, amma məşqçi kənardan oyunu daha yaxşı izləyir və çatışmazlıqları görür. Onun tövsiyələrindən sonra ikinci hissəyə daha motivasiyalı çıxdıq, əlimizdən gələni etdik və nəticədə qələbə qazandıq.

- “Neftçi”nin çıxışını necə qiymətləndirirsiniz?

- Düzünü desəm, çox güclü komandadır. Onların heyətində əvvəllər tanıdığım futbolçular da var. Bunlar Sessi D’Almeyda, İfeanyi Metyu və İmad Faracdır. Hamısı yüksəksəviyyəli oyunçulardır. Buna baxmayaraq, biz meydana maksimum nəticə qazanmaq üçün çıxmışdıq. Rəqib nə qədər mübarizə aparırsa, biz ondan da artıq çalışmağa hazırıq. Düşünürəm ki, hər iki komandanın ifasında yaxşı oyun alındı. Tanrıya şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq.

- Bu qələbədən sonra komandanın növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?

- Hazırda bununla bağlı danışmaq istəmirəm. Biz hər oyuna ayrıca yanaşırıq və hər qarşılaşmaya maksimum ciddi hazırlaşırıq. Bu gün qalib gəldik. Amma qarşıdakı oyunda da eyni dərəcədə diqqətli olmalıyıq. İndi komandada hamı sevinir, amma artıq növbəti matçı düşünürük. Bilirik ki, rəqib yüksək motivasiya ilə meydana çıxacaq. Mən komandama çox inanıram. Biz növbəti oyunda da sona qədər mübarizə aparmağa hazırıq.

İdman.Biz