“Komandanın oyununu izlədim”.
Bunu Bolqarıstan millisinin sabiq futbolçusu Emil Angelov AZƏRTAC-a müsahibəsində deyib.
O, ölkəsinin ”CSKA Sofia” komandasının UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar barədə danışıb.
Həmin müsahibəni təqdim edirik.
- Qarşıdakı matçlarla bağlı gözləntiləriniz necədir?
- Məncə, “Qarabağ” daha güclü komandadır. ”CSKA Sofia” hələ bu səviyyəli oyunlara tam hazır deyil. Bununla belə, futbol sürprizlərlə zəngindir və yekun nəticəni meydandakı oyun müəyyən edəcək. Hər iki komandanın şansları var, amma hazırkı vəziyyəti və oyun keyfiyyətini nəzərə alsaq, “Qarabağ”ı bir qədər üstün görürəm.
- Sofiya təmsilçisinin hazırkı durumu barədə nə deyə bilərsiniz?
- Komandanın oyununu izlədim. Xüsusilə “Slaviya” ilə qolsuz bərabərə qaldıqları görüşdə müəyyən çatışmazlıqlar diqqətimi çəkdi. Heyət tam formalaşmayıb. Buna görə də onları çətin sınaq gözləyir. Mövsümün əvvəlidir və düşünürəm ki, komanda istədiyi oyun ritmini tam olaraq tapa bilməyiblər.
- “Qarabağ”ın hansı üstün cəhətlərini qeyd edərdiniz?
- Azərbaycan təmsilçisi daha keyfiyyətli komandadır. Heyətdə fərdi ustalığı yüksək olan futbolçular var. Xüsusilə braziliyalı oyunçulardan biri çox xoşuma gəlir. O (Kadi Borgesi nəzərdə tutur – red.), hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir və komandanın oyununa böyük töhfə verir. “Qarabağ” sürətli əks-hücumlar qurur, müdafiədə nizam-intizamlı oynayır və ümumilikdə yaxşı kollektiv təsiri bağışlayır. Bu komandanın oyun üslubunda nizam-intizam və sürət əsas amillərdəndir. Məhz buna görə də onları istənilən komanda üçün təhlükəli rəqib hesab edirəm.
- Karyeranız ərzində Azərbaycan klublarından təklif almısınız
- Bəli. Türkiyədə “Denizlispor”da çıxış edərkən Azərbaycandan bir neçə klub mənimlə maraqlanırdı. Təəssüf ki, həmin vaxt keçid baş tutmadı. Müəyyən səbəblərdən razılıq əldə olunmadı.
- Azərbaycana daha əvvəl də gəlmisiniz. Ölkəmizlə bağlı təəssüratlarınız necədir?
- Bakıda bir neçə dəfə olmuşam. Çox gözəl şəhərdir. İnsanlarınız çox qonaqpərvərdir və Azərbaycandan həmişə xoş təəssüratlarla ayrılmışam. Burada olduğum müddətdə özümü rahat hiss etmişəm. UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Levski”nin heyətində “Bakı” klubuna qarşı oynamışdıq. Həmin oyunlar yaddaşımda yaxşı qalıb. O dövrdə “Bakı” güclü heyətə malik komandalardan biri idi və rəqabət kifayət qədər yüksək səviyyədə idi. Azərbaycana hər gəlişim məndə müsbət təəssüratlar yaradıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - ”CSKA Sofia” görüşü saat 20:00-da başlayacaq.
