“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib - İDMAN.BİZ-in İCMALI

21 İyul 2026 13:03
240
“Sabah”ın rəqibi Bakıya uçuş üçün 150 min avroyadək xərc çəkib - İDMAN.BİZ-in İCMALI

Finlandiyanın “KuPS” klubu Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”la keçiriləcək oyun öncəsi Bakıya çarter reysi üçün böyük məbləğ xərcləyib.

İdman.Biz-in Finlandiyanın “Savon Sanomat” nəşrinə istinadən verdiyi məlumata görə, komandanın Azərbaycana gəldiyi çarter təyyarəsinin dəyəri təxminən 120-150 min avro təşkil edib. Mənbə qeyd olunan məbləğin yalnız Kuopiadan Bakıya uçuşu, yoxsa komandanın gediş-dönüş səfərini əhatə etdiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, qrup aviareysləri üzrə ixtisaslaşmış “Avico” şirkətinin məlumatına əsasən, Airbus “A320” tipli təyyarə ilə 3-6 saat davam edən çarter reysinin qiyməti adətən 55-95 min avro, “Boeing 737-800” ilə isə 60-100 min avro arasında dəyişir. Bu tip təyyarələr üçün orta tarif uçuş saatına 8-14 min avro səviyyəsində qiymətləndirilir.

Finlandiyanın dövlət televiziya və radio şirkəti Yle bildirib ki, “KuPS”un Bakıya uçuşu beş saatdan çox davam edib. Beləliklə, əgər 120-150 min avro yalnız Azərbaycana gəliş üçün ödənilibsə, bu məbləğ bazardakı adi qiymət aralığını xeyli üstələyir. Təyyarənin növündən asılı olaraq artıq ödəniş 20-50 faiz arasında ola bilər. Bu halda Finlandiya klubunun kifayət qədər yüksək məbləğdə artıq xərcə düşdüyünü söyləmək mümkündür.

Əgər Savon Sanomatın açıqladığı məbləğ gediş-dönüş uçuşlarını da əhatə edirsə, ümumi uçuş müddəti 10 saatdan çox olacaq. Bu halda “KuPS” havada keçirdiyi hər saat üçün təxminən 12-15 min avro ödəyib. Bu göstərici adi tariflərin yuxarı həddinə yaxındır və ya onu cüzi üstələyir. Lakin hava limanı xidmətləri, ekipajın yerləşdirilməsi, qidalanma və təyyarənin mümkün boş reysi kimi əlavə xərclər yekun məbləği artırmış ola bilər.

Finlandiya mətbuatı oyun ərəfəsində Bakının hava şəraitinə də xüsusi diqqət ayırıb. “Yle” nəşri qarşıdakı matçı Bakı istisində ciddi sınaq adlandırıb və görüşün startı zamanı havanın temperaturunun təxminən 28 dərəcə olacağını qeyd edib. Komanda çarter reysinin ilkin cədvəlinin dəyişdirilməsindən sonra bazar ertəsi səhər tezdən Azərbaycan paytaxtına çatıb.

“Sabah” - “KuPS” oyunu bu gün, iyulun 21-də “Bank Respublika Arena”da keçiriləcək. Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.Biz