Azərbaycanlı keçmiş hakim Rüstəm Rəhimov futbol üzrə dünya çempionatında hakim iradəçiliyindən narazı qalıb.
Ümumittifaq dərəcəli referi DÇ-2026-da ədalət təmsilçilərinin işini qiymətləndirib.
“Dünya çempionatında hakim idarəçiliyindən narazı qaldım. Məsələn, Argentinanın İngiltərə ilə yarımfinal matçında səhvlər var idi. Lionel Messi ötürmə verməmişdən əvvəl rəqibin ayağını tapdalayaraq qaydanı pozmuşdu. Belə epizodlarda VAR hakimi niyə çağırmadı? Finalda oyun penaltilər seriyasına getsəydi, Argentina qalib gələcəkdi. Hakimliklə bağlı çoxlu problemlər var idi. Argentinanın 9 referisi mundiala dəvət almışdı. Niyə başqa ölkələrə şans verilmədi? Azərbaycan, Gürcüstan və digər ölkələri də nəzərə almaq olardı. Hakim səhvləri həmişə olub və olacaq. Amma bir komandanın xeyrinə çox olanda narazılıqlar artır”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
R.Rəhimov builki mundialın ilk dəfə 48 komandanın iştirakı ilə keçirildiyini xatırladıb:
“Beləliklə, oyunların da sayı artmışdı. Bu, bir tərəfdən futbolun daha geniş vüsət alması üçün yaxşıdır. Amma eyni zamanda, böyük problemlər ortaya çıxdı. Güclü komandaların zəif yığmalara qarşı matçlarında haqsızlıqlar oldu. Əbəs yerə ən çox narazılıqlar Argentinanın oyunlarına görə olmurdu. Ən əsası bəzi islam ökələri də haqsızlıqla üzləşdilər. Amma güclü kollektivlərin nisbətən zəif millilərlə matçları bərabər səviyyədə keçirdi. Çempion İspaniya birinci qarşılaşmada Kabo Verdeni məğlub edə bilmədi. Sonradan haqsızlıqlar başladı. Bəlkə də FIFA daha güclü komandaların həlledici mərhələlərə vəsiqə qazanmasında maraqlı idi. Burada marketinq də önəmli rol oynayır”.
Keçmiş hakim Argentina futbolçularının bir neçə matçda kobud oynadığını sözlərinə əlavə edib:
“Kobud oyunların qarşısı alınmırdı, vərəqələr verilmirdi. Belə hallara görə həmin yığma insanların gözündə düşürdü. 1/4 finalda Misirlə görüşdə hakim səhvləri var idi. Amma finalda Argentina necə oynadı? Üç dəfə mundialın final matçlarına stadiondan canlı baxmışam. Finalda belə zəif çıxış edən komanda görməmişdim. 90 dəqiqə ərzində qapıya zərbə vurmadılar”.
Qeyd edək ki, İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib.
