“Bavariya” növbəti böyük ulduzlarını yetişdirmək üçün gənc futbolçularına daha çox şans verməyə başlayıb. Münhen klubu Camal Musialadan sonra yeni istedadlarını əsas komandaya qazandırmaq niyyətindədir.
İdman.Biz xarici mediaya istinadən xəbər verir ki, baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında “Bavariya”da gənclərin əsas komandaya inteqrasiyası yeni mərhələyə qədəm qoyub. Ötən mövsüm 9 futbolçu peşəkar komandada debüt edib.
Klubun gələcəyi kimi qiymətləndirilən futbolçular arasında Lennart Karl, Bara Ndiaye, Filip Paviç və Erblin Osmani xüsusi diqqət çəkir.
18 yaşlı Lennart Karl sağ cinahda çıxış edir və artıq əsas komandanın planlarında yer alır. Gənc futbolçu peşəkar debütünü 2025-ci ildə Klublararası Dünya Çempionatında edib. O, ötən mövsüm ciddi inkişaf göstərsə də, aldığı zədə səbəbindən mundialı buraxmalı olub.
Seneqallı yarımmüdafiəçi Bara Ndiaye isə qısa müddətdə böyük sıçrayış edib. 18 yaşlı futbolçu həm “Bavariya”da, həm də Seneqal millisində özünü göstərməyi bacarıb. Münhen klubu onun tam transferini rəsmiləşdirmək istəyir.
16 yaşlı müdafiəçi Filip Paviç də klubun böyük ümid bəslədiyi oyunçulardandır. O, yanvarda əsas komandada debüt edərək “Bavariya” tarixinin ən gənc futbolçularından birinə çevrilib.
17 yaşlı yarımmüdafiəçi Erblin Osmani isə komandanın digər perspektivli üzvlərindən sayılır. Münhendə doğulan futbolçu artıq əsas komandada forma geyinən ən gənc oyunçulardan biri kimi tarixə düşüb.
“Bavariya”nın digər gənc futbolçuları arasında Uizdom Mayk, David Santos Daiber, Kassiano Kiala, Maykon Kardozo və Felipe Çaves də yer alır. Onlardan bəziləri zədə səbəbindən inkişaf tempini itirsə də, artıq məşqlərə qayıdıblar.
Qeyd edək ki, “Bavariya” ötən mövsüm Almaniya Bundesliqasının qalibi olub. Münhen təmsilçisi yeni mövsümdə gənc istedadların köməyi ilə həm ölkə daxilində, həm də Avropada uğur qazanmağı hədəfləyir.
